İqtisadi inkişaf sürəti azalır, avro bahalaşır

07 İyun 2018

Avropa iqtisadiyyatında inkişaf dinamikası 2.8%-dən 2.5%-ə düşsə də, avro/dollar məzənnəsi 1.18$-a kimi 3% bahalaşır - Səbəbləri.

İqtisadi inkişaf sürəti azalır, avro bahalaşır

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") cümə axşamı yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2018-ci ilin birinci rübündə rüblük müqayisədə 0.4%, illik müqayisədə isə 2.5% artdığı göstərilib. Analitiklər də rüblük və illik müqayisədə müvafiq olaraq 0.4% və 2.5%-lik artım proqnozlaşdırırdılar. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür.


EUR/USD məzənnəsi 1.15$-a kimi ucuzlaşdıqdan sonra may ayının 30-dan etibarən 1.18$-a kimi 3% bahalaşıb. Bahalaşma ABŞ-ın iqtisadi inkişaf dinamikasının müqayisədə daha çox azalması ilə əlaqədardır. 


Qeyd etmək lazımdır ki, Amerika iqtisadiyyatı 2017-ci ilin ikinci rübündə rüblük müqayisədə 3.1% böyüyürdüsə, dördüncü rübdə 2.9%-lik dinamika qeydə alınmışdır. Cari ilin birinci rübündə isə bu dinamika 2.2%-ə kimi azalıb. Avrozonanın iqtisadi inkişaf göstəricisi 2017-ci ilin üçüncü rübündə 2.8%-ə yüksəldikdən sonra bu ilin birinci rübündə 2.5%-ə kimi azalıb.