İqtisadi inkişaf sürəti azalmaqda davam edir

31 İyul 2018

Avropada inkişaf dinamikasının 2.5%-dən 2.1%-ə düşməsi, avro/dollar məzənnəsinin də ucuzlaşaraq, 1.15$-ı yenidən qırmasına səbəb ola bilər.

İqtisadi inkişaf sürəti azalmaqda davam edir

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə axşamı yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2018-ci ilin ikinci rübündə rüblük müqayisədə 0.3%, illik müqayisədə isə 2.1% artdığı göstərilib. Analitiklər isə rüblük və illik müqayisədə müvafiq olaraq 0.4% və 2.2%-lik artım proqnozlaşdırırdılar. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür.


ÜDM II rübdə Avrozonada daha da azalıb, ABŞ-da daha da artıb - Avroya təzyiq. 

EUR/USD məzənnəsi 1.17$-a ticarət edilməkdədir. Lakin nəzərə almaq lazımdır ki, ABŞ-da iqtisadi inkişaf səviyyəsi ikinci rübdə 4.1%-ə çatıb və bu, Avro/Dollar məzənnəsinə qarşı təzyiqləri də artıra bilər. Bununla yanaşı, Avropada anormal havaların davam etməsi və siyasi risklərin də artması, bu proqnozları daha da gücləndirir. 


İyul ayında inflyasiyanın artması, avqust və sentyabr aylarında da davam edərsə, Avrozonada ÜDM-in III rübdə artmasına səbəb ola bilər. 

Digər tərəfdən, inflyasiya ilə bağlı yeni göstəricilər də açıqlanıb. Göstəricilərdə illik istehlak qiymətləri indeksinin iyul ayında 2.1%, baza indeksinin isə 1.1%-ə yüksəldiyi göstərilir. Bundan öncə iyun ayında illik inflyasiyanın 1.9%-dən 2.0%-ə kimi yüksəlməsinə baxmayaraq, baza indeksinin əksinə olaraq 1.1%-dən 0.9%-ə kimi azalması maliyyə bazarlarında müsbət qarşılanmamışdı. Bu gün isə hər iki göstəricidə artımın açıqlanması müsbət qiymətləndirilə bilər. Beləliklə, üçüncü rübdə inflyasiyada dinamikanın artmasının, ikinci rüb üzrə iqtisadi inkişaf səviyyəsinin azalmasından sonra üçüncü rübdə yenidən güclənməsinə nə qədər təsir edə biləcəyi sual altındadır. Bununla yanaşı, iyul ayında inflyasiyada artımın üçüncü rübdə iqtisadiyyata da müsbət təsir edə bilməsi üçün bu səviyyələrdə möhkəmlənməsi vacibdir. Bunu da zaman göstərəcək. 


Qeyd etmək lazımdır ki, Avrozonada iqtisadi inkişaf səviyyəsi illik müqayisədə birinci rübdə də 2.7%-dən 2.5%-ə kimi azalmışdır və EUR/USD məzənnəsi 1.26$-dan 1.15$-a kimi ucuzlaşmışdır.