İqtisadiyyat inkişaf etsə də, əmək haqları zəif artır

29 Noyabr 2017

"FED" hesabatında ABŞ iqtisadiyyatında inkişafın sürətləndiyini, lakin əmək haqlarında artımın zəif olaraq qaldığını göstərib.

İqtisadiyyat inkişaf etsə də, əmək haqları zəif artır

Amerika Mərkəzi Bankının ("FED") çərşənbə günü yayımladığı iqtisadi hesabatında (ing.: "The Beige Book") on iki regionda iqtisadi inkişaf sürətinin mülayim səviyyəyə kimi artdığı göstərilib. Bununla yanaşı, gözləntilər də artıb. Lakin qiymətlərdə artım dinamikasının müqayisədə sürətlənməsinə və əmək bazarında vəziyyət çox yaxşıya doğru dəyişməsinə baxmayaraq, əmək haqlarında artım zəif olaraq qalır. 

Sonuncu dəfə oktyabr ayının ortalarında açıqlanan hesabatdan sonra inflyasiyada artım müşahidə edilib. Bəzi regionlarda tikinti materialları xərclərində artım müşahidə edilib. Əmək bazarındaki vəziyyətin də yaxşı olduğu qiymətləndirilib, hətta əksər regionlarda ixtisaslaşmış işçilərin tapılmasında çətinliklərin yarandığı göstərilib. 

Qiymətlərin artması da orta olaraq qalır. Qasırqaların zərər verdiyi regionlarda isə qismən qiymət artımı müşahidə olunub, hətta bəzi yerlərdə əmək haqlarında da artım olub. 

Hesabat oktyabr və noyabr aylarını əhatə edir və noyabr ayının 17-ə kimi olan məlumatlar təhlil edilib. Hesabatın açıqlanması isə maliyyə bazarlarında güclü impulsiv hərəkətliliyə səbəb olmayıb. 

Qeyd etmək lazımdır ki, "FED"-in sədri Janet Yellen də konqres qarşısında çıxışı zamanı, ABŞ iqtisadiyyatı haqqında əminlik nümayiş etdirib. Beləliklə, maliyyə bazarlarında dekabr ayının 13-də faiz dərəcəsinin artırılması gözləntiləri yüksək olaraq qalır. "FED"-in gələcək yeni sədri Jerom Povel də çərşənbə axşamı senatorluqda çıxışı zamanı, dekabr ayında mümkün faiz artımı siqnalları verib.