Maliyyə bazarlarında son vəziyyət - 20.11.2017

20 Noyabr 2017

Keçən həftə foreksdə aparıcı valyutaların dollara nisbətən qiymətləri bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Bu trend bu həftə də davam edə bilər.

Maliyyə bazarlarında son vəziyyət - 20.11.2017

Avro üzrə 1.1707$ önəmli səviyyə. 

Dünya valyuta birjalarında avro/dollar valyuta cütlüyü qiyməti keçən həftə bahalaşmasını 1.1860$-a kimi davam etdirdikdən sonra yeni həftəyə 1.1722$-a kimi ucuzlaşma ilə başlayıb. Təhlillər isə onu göstərir ki, qiymət 1.1707$-a kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, eniş dalğası 1.1670 və 1.1554$-a kimi də sürətlənə bilər. Avrozonada inflyasiyanın yenidən zəifləməsi, avronun ucuzlaşmasına təsir edən ən önəmli amillər sırasındadır.

Funt sterlinqin qiymətində ucuzlaşma. 

GBP/USD məzənnəsi də keçən həftə ərzində 1.3260$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Burada da funt sterlinq 1.3169$-a kimi ucuzlaşaraq, sözügedən səviyyənin altında qalarsa, ucuzlaşmas 1.3096 və 1.3026$-a kimi davam edə bilər. Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 13:30-da İngiltərədə iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli fundamental məlumatların açıqlanması da, investorların diqqət mərkəzindədir.

Türk lirəsi yenidən 3.89TL-ə kimi ucuzlaşa bilər. 

Türkiyə maliyyə bazarlarında isə dollar sonuncu dəfə 3.85TL-ə kimi ucuzlaşdıqdan sonra yeni həftənin ilk ticarət sessiyasında 3.87TL-ə kimi bahalaşma ilə başlayıb. Beləliklə, qiymət 3.86TL-nin üzərində qaldıqca, bahalaşmasının 3.89TL-ə kimi də güclənəcəyi proqnozlaşdırılır.

Neft qiymətlərində növbəti bahalaşma. 

Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti son bir həftə ərzində 61$-a kimi korreksiya etdikdən sonra yenidən bahalaşmağa başlayıb.  62.34$-a ticarət edilən Brent nefti, gələcək günlər ərzində 63.56 və 64.52$-a kimi də dəyər qazana bilər.

Qızıl 1309$-a kimi də bahalaşa bilər. 

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti noyabr ayının əvvəlindən təqribən 1270-1290$ (40.7 - 41.4 $/qram) aralığında ticarət edilib. Lakin cümə günü bu aralığın yuxarı sərhədi qırılmaqla, qızılın qiymətində 1297$-a (41.6 $/qram) kimi sürətli bahalaşma müşahidə edilir və artım dalğasının 1309$-a (42.0 $/qram) kimi də güclənəcəyi proqnozlaşdırılır.