Maliyyə bazarlarında son vəziyyət - 08.01.2018

08 Yanvar 2018

Gələcək günlərdə açıqlanacaq fundamental məlumatlar, qiymətlərin gələcək istiqamətinin müəyyən olunması üçün önəmli rol oynayacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 08.01.2018

EUR. 

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti son bir həftə ərzində üç ilin maksimum səviyyələrinə yaxın mövqedə ticarət edilib. Beləliklə, noyabr ayında 1.15$-a ticarət edilən qiymətin, iki ay ərzində 1.21$-a kimi bahalaşdıqdan sonra artım dalğası 1.24$-a kimi də güclənə bilər. Bu, qiymətin 1.21$-ın üzərində möhkəmlənməsi fonunda baş verə bilər.

Qeyd etmək lazımdır ki, növbəti günlər ərzində açıqlanacaq fundamental məlumatlar da, qiymətin gələcək istiqamətinin güclənməsində vacib rol oynayacaqdır. Xüsusilə də ABŞ və Avrozonanın işsizlik və inflyasiya göstəriciləri diqqət mərkəzində saxlanılmaqdadır.

GBP. 

GBP/USD qiyməti isə son iki ay ərzində 4.5% bahalaşıb. Dünya birjalarında dolların ucuzlaşması və neft qiymətlərində bahalaşma, funt sterlinqə müsbət təsir edən əsas amillərdir. Təhlillərə əsasən, 1.3560$-a ticarət edilən qiymət son bir il yarımın maksimum səviyyələrində möhkəmlənərsə, artım dalğası 1.3787$-a kimi də davam edə bilər.

Bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq İngiltərənin sənaye sektoru ilə bağlı önəmli statistik məlumatlar da böyük maraqla gözlənilir.

TRY. 

Türkiyə bazarlarında da dolların qiyməti proqnozlaşdırıldığı kimi ucuzlaşmaqda davam edir. Artıq 3.73TL-ə kimi ucuzlaşan USD/TRY məzənnəsi 3.72TL-ə kimi ucuzlaşmaqla bu səviyyənin altında qalarsa, əlavə olaraq 3.68TL-ə kimi ucuzlaşa bilər.

OIL. 

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 67.00$-ın üzərində ticarət edilməkdədir. Qiymət 68.03$-a kimi dəyər qazanarsa və üzərində möhkəmlənərsə, bahalaşma 68.21 və 70.06$-a kimi də güclənə bilər.

Neftə olan tələbin artması ilə bağlı xəbərlər, qiymətlərin bahalaşmasına təsir edən əsas amillərdir.

GOLD. 

Əlvan metallar bazarlarında isə qiymət 1326$-a (42.5 $/qram) kimi bahalaşdıqdan sonra cümə günü 13$-lıq (0.4 $/qram) korreksiya edib. Hal-hazırda 1320$-ın (42.3 $/qram) üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti yenidən 1326$-a kimi bahalaşa bilər. Növbəti mərhələdə qiymət sözügedən səviyyənin üzərində möhkəmlənərsə, artım dalğasının 1357$-a (43.5 $/qram) kimi də güclənəcəyi proqnozlaşdırılır. Dünyada iqtisadi qeyri-müəyyənliklər qızıla olan tələbin artmasına səbəb olur.