Maliyyə bazarlarında son vəziyyət - 28.05.2018

28 May 2018

Avropada inflyasiyanın arta biləcəyi gözləntiləri və digər siyasi amillər, EUR-da bahalaşmaya səbəb olur. Bu, dolların da ucuzlaşmasına təsir etməkdədir.

Maliyyə bazarlarında son vəziyyət - 28.05.2018

EUR. 

Dünya valyuta birjalarında avro 1.1645$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Artıq 1.1700$-ın üzərində ticarət edilən EUR/USD maliyyə aləti 1.1750$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1826$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Avronun bahalaşmasına təsir edən amil isə cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya səviyyəsinin arta biləcəyi gözləntiləridir. İtaliyada Avropa Birliyinə qarşı olan partiyaların hakimiyyətdə təmsil olunma ehtimallarının da azalması, avroya müsbət təsir edən siyasi amillər arasındadır. 

Bununla yanaşı, cümə günü saat 16:30-da dərc ediləcək ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların da bu həftə güclü dalğalanmalara təsir edəcəyi gözlənilir.


GBP. 

GBP/USD məzənnəsinin də bahalaşdığı müşahidə edilir. Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.3300$-ın üzərində qaldıqca, artım dalğasının 1.3421$ və 1.3550$-a kimi də sürətlənməsinə səbəb ola bilər.


TRY. 

Türkiyə bazarlarında isə dollar keçən həftənin ikinci yarısında yenidən bahalaşsa da 4.80TL-də müqavimətlə rastlaşaraq, 4.69TL-ə kimi ucuzlaşıb. Beləliklə, qiymət 4.68TL-ı da aşağı istiqamətdə qıraraq altında qalarsa, 4.60 və 4.56TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Cümə günü saat 11:00-da yayımlanacaq Türkiyənin xarici ticarət dövriyyəsi ilə bağlı statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.


OIL. 

Enerji bazarlarında isə Brent neftinin qiyməti keçən həftə ərzində maksimum səviyyəsini 80$ ilə yenilədikdən sonra ucuzlaşmağa başlayıb. 75$-a ticarət edilən bir barel üzrə qiymət 73$-a kimi də ucuzlaşa bilər.

Bu həftənin cümə axşamı saat 19:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1296$-ın (41.6 $/qram) üzərində təklif edilməkdədir. Qiymət 1303$-ı (41.8 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1308$-a (42.0 $/qram) kimi də dəyər qazanacağı proqnozlaşdırılır.