Maliyyə bazarlarında son vəziyyət - 19.06.2018

19 İyun 2018

AMB-nin gələcək pul kredit siyasəti ilə bağlı verdiyi yeni açıqlamalar, dünya valyuta birjalarında avronun və digər valyutaların ucuzlaşmasına təsir edib.

Maliyyə bazarlarında son vəziyyət - 19.06.2018

EUR. 

Dünya valyuta birjalarında avronun qiyməti Avropa Mərkəzi Bankının (AMB) açıqlamalarından sonra 1.1542$-a kimi 3% ucuzlaşsa da, yenidən  bahalaşaraq 1.1620$-a ticarət edilməkdədir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi yenidən 1.1542$-ı aşağı istiqamətdə qırarsa, 1.1447$-a kimi də ucuzlaşa bilər.

AMB-nin yumşaq monetar siyasətindən uzaqlaşması niyyətinin, Avrozona iqtisadiyyatında vəziyyətin hələ kövrək olduğu bir vaxta təsadüf etməsi, avroya olan təzyiqlərin artmasına səbəb olur.


GBP. 

Funt sterlinq də ucuzlaşır. Hal-hazırda 1.33$-ın altında ticarət edilən GBP/USD məzənnəsi 1.3210$-ı da aşağı istiqamətdə qırarsa, 1.3130$-a kimi də dəyər itirə bilər.

İngiltərədə iqtisadi və siyasi risklərin mövcudluğu, funt sterlinqə təsir edən əsas amillərdir. Bununla yanaşı, cümə axşamı saat 15:00-da dərc ediləcək İngiltərə Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir.


TRY. 

Türkiyə bazarlarında da dollar 4.71TL-nin üzərində ticarət edilməkdədir və USD/TRY məzənnəsi 4.76TL-ni də yuxarı istiqamətdə qırarsa, 4.82TL-yə kimi bahalaşa bilər.

Türkiyədə iyun ayının 24-də baş tutacaq prezident seçkisi öncəsi dünya maliyyə bazarlarında lirəyə qarşı risklər yüksək olaraq qalır.


OIL. 

Enerji bazarlarında isə yenidən 75.50$-a kimi dəyər qazanan Brent nefti, 74.80$-a kimi qismən korreksiya etsə də, texniki analizlərə əsasən yenidən bahalaşa bilər. Belə ki, 75.50$-ın yenidən yuxarı istiqamətdə qırılması ilə artım dalğası 76.40 və 77.40$-a kimi sürətlənə bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində güclü ucuzlaşma müşahidə edilib. Artıq 1300$-ın (41.7 $/qram) altında ticarət edilən, qızılın bir unsiya üzrə qiyməti 1273$-a (40.8 $/qram) kimi ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 1260$-a (40.4 $/qram) kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır.