Maliyyə bazarlarında son vəziyyət - 02.07.2018

02 İyul 2018

AB-də miqrant probleminin həlli və ABŞ iləticarət əlaqələrinin qaydaya qoyulması, investorların ən çox diqqət mərkəzində olan hadisələrdir.

Maliyyə bazarlarında son vəziyyət - 02.07.2018

EUR. 

Dünya valyuta birjalarında avronun qiyməti Avropada miqrant probleminin həlli və ABŞ ilə Avropa arasında ticarət əlaqələrinin qaydaya qoyulması öncəsi 1.15-1.17$ dəhlizində ticarət edilməkdədir. Ümumi olaraq 1.15$-a kimi davam edən EUR/USD məzənnəsində qlobal eniş trendinin zəiflədiyinin və qismən bahalaşdığının şahidi oluruq. Qiymətin bu dəhlizdən çıxması üçün isə 1.1720$-ın yuxarı istiqamətdə qırılması önəmlidir. Bundan sonra EUR/USD məzənnəsi 1.1850$-a kimi bahalaşa bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00 və 18:00-da müvafiq olaraq açıqlanacaq Avrozona və ABŞ-ın sənaye sektorları ilə bağlı önəmli fundamental məlumatlar böyük maraqla gözlənilir. Bu göstəricilər ticarət münasibətlərinin pozulduğu bir dövrdə sənaye sektorunun bundan nə qədər təsirləndiyini ölçmək üçün çox önəmlidir. Cümə günü saat 16:30-da ABŞ-da dərc ediləcək əmək bazarı ilə bağlı statistik göstiricilər də investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi keçən həftə ərzində 1.30$-a kimi ucuzlaşmaqla son 7 ayın minimum səviyyəsini yenilədikdən sonra 1.32$-a kimi bahalaşıb və 1.3362$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bu həftənin bazar ertəsi və çərşənbə axşamı saat 12:30-da yayımlanacaq İngiltərənin sənaye və tikinti sektorları üzrə biznes aktivliyi indeksləri də diqqət mərkəzində saxlanılmaqdadır.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 4.55TL-yə kimi ucuzlaşsa da 4.57TL-nin altında qala bilməyib yenidən 4.61TL-yə kimi bahalaşıb. Lakin qiymət yenidən 4.57TL-ni aşağı istiqamətdə qıraraq, altında qalarsa, 4.48TL-yə kimi də ucuzlaşa bilər.


OIL. 

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti “OPEC+” razılaşmasının yüngülləşdirilməsi qərarından sonra keçən həftə ərzində 79$-a kimi bahalaşdığının şahidi oluruq. Yeni həftənin ilk sessiyasında isə 78$-a ticarət edilən bir barel üzrə qiymət 79$-ın altında qaldıqca, 75$-a kimi ucuzlaşa bilər. Bu həftənin çərşənbə günü saat 19:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti 1246$-a kimi (40.0 $/qram) ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Təhlillərə əsasən 1255$ (40.3 $/qram) da yuxarı istiqamətdə qırılarsa, qızılın bir unsiya üzrə qiyməti 1260 (40.4 $/qram) və 1270$-a (40.7 $/qram) kimi də dəyər qazana bilər.