Maliyyə bazarlarında son vəziyyət - 16.07.2018

16 İyul 2018

Bu həftə maliyyə bazarlarında Tramp və Putin arasında görüş, "BREXIT" və Avrozonada infıyasiya investorların diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 16.07.2018

EUR. 

Keçən həftə Avrozona iqtisadiyyatı ilə bağlı açıqlanan mənfi fundamental məlumatlar və EUR/USD məzənnəsinin 1.18$ səviyyəsində müqavimətlə rastlaşması, 1.17$-a kimi ucuzlaşmasına təsir etmişdir. Təhlillərə əsasən, qiymət 1.1612$-ı aşağı istiqamətdə qırarsa, ucuzlaşması 1.1507$-a kimi sürətlənə bilər.

Amerika ilə Rusiya prezidentləri arasında bu gün Helsinkidə baş tutacaq görüş və açıqlanacaq siyasi bəyanatlar da maliyyə bazarlarında böyük dalğalanmalara səbəb ola biləcəyi baxımından diqqət mərkəzində saxlanılmalıdır.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəriciləri də investorların diqqət mərkəzindədir.


GBP. 

İngiltərənin Avropa Birliyindən ayrılması (Breksit) prosesinin maliyyə bazarlarında yaratdığı qeyri-müəyyənlik, funtun da ucuzlaşmasına təsir edir. Hal-hazırda 1.3300$-ın altında ticarət edilən GBP/USD məzənnəsi, 1.3163$-ı aşağı istiqamətdə qırarsa, 1.3100 və 1.3049$-a kimi də ucuzlaşa bilər.

Çərşənbə axşamı saat 12:30-da yayımlanacaq İngiltərənin əmək bazarı ilə bağlı statistik məlumatların da məzənnəyə güclü təsir edəcəyi gözlənilir.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi keçən həftənin ikinci yarısında 4.97TL-yə kimi bahalaşdıqdan sonra 4.84TL-yə kimi ucuzlaşıb. Burada da təhlillər qiymətin yenidən 4.90TL-ni yuxarı istiqamətdə qırılması şəraitində 4.97TL-yə kimi bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.


OIL. 

Dolların bahalaşması, enerji bazarlarında Avropanın Brent nefti qiymətinin dəyər itirməsinə təsir edib. Eyni zamanda, dünyada hasilat səviyyəsinin də artması, neft qiymətlərinin ucuzlaşmasına səbəb olur. Beləliklə, 74.85$-a təklif edilən Avropanın Brent markalı neftinin bir barel qiyməti, 76.35$-ın altında qaldıqca, 71.50$-a kimi də dəyər itirə bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti təqribən son bir ilin minimum səviyyəsinə kimi ucuzlaşıb. Hal-hazırda 1243$-a (40.0 $/qram) təklif edilən bir unsiya üzrə qiymət, 1236$-ı (39.7 $/qram) da aşağı istiqamətdə qırarsa, 1226$-a (39.4 $/qram) kimi ucuzlaşa bilər.