Maliyyə bazarlarında son vəziyyət - 23.07.2018

23 İyul 2018

Amerikada siyasi risklərin artması, dolların ucuzlaşmasına təsir edib. Bu həftə isə TCMB və AMB-nin qərarları diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 23.07.2018

EUR. 

Amerikada hökümətə qarşı tənqidlərin və siyasi risklərin artması, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 1.5%-ə kimi ucuzlaşmasına təsir edib. Nəticədə EUR/USD məzənnəsi də 1.16$-a kimi ucuzlaşdıqdan sonra yenidən 1.17$-a kimi bahalaşıb. Təhlillərə əsasən, avro 1.1750$-ın üzərində möhkəmlənərsə, 1.1860$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq Avrozonanın faiz qərarı və 16:30-da baş tutacaq mətbuat konfransında bank sədrinin çıxışı da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi də 2.5%-ə kimi ucuzlaşdıqdan sonra yenidən 1.31$-a kimi bahalaşıb. Burada isə artım dalğasının davam etməsi üçün 1.32$-ın yuxarı istiqamətdə qırılması önəmli olacaqdır. Bundan sonra qiymətin 1.33$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 4.77TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qaldıqca, 4.68TL-yə kimi də ucuzlaşa bilər.

Bu həftənin çərşənbə axşamı Türkiyə Mərkəzi Bankının faiz qərarı da diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, ehtimal edilən faiz artımı qərarı, məzənnənin ucuzlaşmasını sürətləndirə bilər.


OIL. 

Dolların ucuzlaşması, enerji bazarlarında Avropanın Brent nefti qiymətinin də dəyər qazanmasına təsir edib. 73$-a ticarət edilən bir barel üzrə qiymət bu səviyyənin üzərində qaldıqca, 75$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1211$-a (38.9 $/qram) kimi ucuzlaşdıqdan sonra yenidən 1232$-a (39.6 $/qram) kimi dəyər qazanıb. 1235$-ı (39.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1248$-a (40.1 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.