Maliyyə bazarlarında son vəziyyət - 20.08.2018

20 Avqust 2018

Dünya birjalarında dolların ucuzlaşması, müvəqqəti qiymətləndirilir və bu həftə baş tutacaq mərkəzi bank üzvlərinin toplantısı da diqqət mərkəzində.

Maliyyə bazarlarında son vəziyyət - 20.08.2018

EUR. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.13$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşaraq, bu gün 1.14$-ın üzərində ticarət edilir. Lakin bahalaşma maliyyə bazarında texniki səbəblərlə əlaqələndirilir və avroya olan təzyiqlərin aktual qaldığı qənaəti güclü olaraq qalır. Beləliklə, məzənnə 1.16$-ın altında qaldıqca, yenidən 1.13$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Avropada siyasi və iqtisadi risklərin aktuallığı, eyni zamanda Amerika Mərkəzi Bankının (FED) sərt monetar siyasəti avronu təzyiq altında saxlayan əsas amillərdir.

Bununla yanaşı, avqust ayının 23-də baş tutacaq Amerikanın Vyominq şəhərində mərkəzi bank üzvlərinin "Jackson Hole Simpoziumu"-nda veriləcək açıqlamalar da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi də təzyiq altındadır. Son zamanlar “BREXIT” fonunda İngiltərə hökümətinə qarşı təzyiqlərin artması, ölkə valyutasına da mənfi təsir etməkdədir. Hal-hazırda 1.28$-ın altında ticarət edilən funtun, 1.27$-ı da aşağı istiqamətdə qırarsa, 1.26$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi keçən həftənin ikinci yarısında yenidən 6.34TL-yə kimi bahalaşmışdır. Yeni həftənin ilk ticarət sessiyasında 5.98TL-yə təklif edilən məzənnə, yenidən 6.20TL-ni yuxarı istiqamətdə qırarsa, 6.56TL-yə kimi bahalaşa bilər.

Qeyd etmək lazımdır ki, bu həftə Türkiyədə “Qurban Bayramı” münasibətilə yerli maliyyə bazarının işləməməsi, məzənnənin daha çox beynəlxalq valyuta birjalarında dolların təsiri altında forlaşmasına səbəb olacaqdır.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti 71$ ətrafında dalğalanmaqdadır. Təhlillərə əsasən, qiymət 73$-ın altında qaldıqca, 69.80 və 66.30$-a kimi də dəyər itirə bilər. Dünyada hasilat səviyyəsinin yenidən artması, neft qiymətlərinin ucuzlaşmasına səbəb olur.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında da qızıl qiyməti 1160$-a (37.3 $/qram) kimi ucuzlaşdıqdan sonra 1185$-a (38.1 $/qram) kimi bahalaşmağa başlayıb. Qiymət bu səviyyənin üzərində qalarsa, bir unsiya üzrə qiymət 1194$-a (38.4 $/qram) kimi bahalaşa bilər.

ABŞ-da inflyasiyanın yüksək olması, FED-in faiz artımı siyasətində ləngimə və dünyada siyasi və iqtisadi risklərin daha da artması, qızıl qiymətinin daha da bahalaşmasına əsas verə biləcək amillərdir.