Maliyyə bazarlarında son vəziyyət - 27.08.2018

27 Avqust 2018

ABŞ prezidentinin FED-i tənqid etməsindən sonra dünya birjalarında dolların qiymətləri ucuzlaşsa da, yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.

Maliyyə bazarlarında son vəziyyət - 27.08.2018

EUR. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftə bahalaşaraq, 1.16$-ın üzərində ticarət edilib. Lakin yeni həftənin ilk ticarət sessiyasında məzənnə yenidən ucuzlaşmağa başlayıb. Təhlillər isə onu göstərir ki, qiymətdə ucuzlaşma sürətlənərək 1.16$-ın altında ticarət edilərsə, 1.15$-a kimi də ucuzlaşa bilər.

Fundamental amillər baxımından da avroya olan təzyiqlərin aktual qaldığı qənaəti güclü olaraq qalır. Avropada siyasi və iqtisadi risklərin aktuallığı, eyni zamanda Amerika Mərkəzi Bankının (FED) sərt monetar siyasəti avronu təzyiq altında saxlayan əsas amillərdir.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 16:30-da və cümə günü saat 13:00-da müvafiq olaraq açıqlanacaq ABŞ-ın 2-ci rüb üzrə iqtisadi inkişaf və Avrozonada inflyasiya ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi də təzyiq altındadır. Son zamanlar “BREXIT” fonunda İngiltərə ilə Avropa Birliyi arasında sazişin razılaşdırıla bilməyəcəyi gözləntilərinin artması, ölkə valyutasına da mənfi təsir etməkdədir. Hal-hazırda 1.29$-ın altında ticarət edilən funtun qiyməti bu səviyyənin altında qaldıqca, 1.28$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsinin son bir həftə ərzində ortalama 6.09 lirə ətrafında dalğalandığının şahidi oluruq. Bu daha çox Türkiyədə “Qurban Bayramı” münasibətilə yerli maliyyə bazarının işləməməsi ilə əlaqələndirilir. Təhlillərə əsasən, bu həftə də qiymət 6.21TL-yə kimi bahalaşa bilər.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti 76$-a kimi dəyər qazanıb və 76.38$ da yuxarı istiqamətdə qırılarsa, 77.42$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında da qızıl qiyməti 1208$-a (38.8 $/qram) kimi bahalaşıb və 1217 (39.1 $/qram) və 1224$-a (39.4 $/qram) kimi də bahalaşa bilər. ABŞ-da inflyasiyanın yüksək olması, FED-in faiz artımı siyasətində ləngimə və dünyada siyasi və iqtisadi risklərin daha da artması, qızıl qiymətinin daha da bahalaşmasına əsas verə biləcək amillərdir.