Maliyyə bazarlarında son vəziyyət - 10.09.2018

10 Sentyabr 2018

Bu həftə foreks bazarlarında dolların bahalaşması və ABŞ, Avropa və İngiltərə mərkəzi bankların faiz qərarları investorların diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 10.09.2018

EUR. 

Amerika ilə Kanada arasında yeni ticarət sazışı fonunda danışıqların bərpası və Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəricilərin gözləniləndən yaxşı açıqlanması, beynəlxalq valyuta birjalarında dolların bahalaşmasına səbəb olub. Nəticədə EUR/USD məzənnəsi də 1.15$-a kimi ucuzlaşıb və keçmiş həftənin minimum səviyyəsi altında qalarsa, 1.14$-a kimi də ucuzlaşa bilər.

Cümə axşamı Bakı vaxtı ilə 15:45 və 16:30-da müvafiq olaraq açıqlanacaq Avropa Mərkəzi Bankının (AMB) faiz qərarının və Amerikadan inflyasiya ilə bağlı yeni məlumatların da bu həftə önəmli rol oynayacağı gözlənilir. Bununla yanaşı, həmin günü saat 16:30-da baş tutacaq AMB-nin mətbuat konfransı da investorların diqqət mərkəzindədir.


GBP. 

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, GBP/USD məzənnəsinə də təsir edib. Belə ki, Funt/Dollar valyuta cütlüyünün qiyməti 1.29$-a ticarət edilməkdədir və 1.28$-a kimi də ucuzlaşa bilər. Cümə axşamı saat 15:00-da İngiltərə Mərkəzi Bankı tərəfindən də faiz qərarı gözlənilir.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə Türkiyə Mərkəzi Bankının bu həftə növbəti faiz artımına gedəcəyi gözləntiləri, lirənin bahalaşmasına səbəb olub. Beləliklə, lirənin qiyməti keçən həftənin maksimum səviyyəsi üzərində də möhkəmlənərsə, 6.27 və 6.15TL-yə kimi bahalaşa bilər.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiymətində də ucuzlaşma müşahidə edilir. Keçən həftənin birinci yarısında 80$-a kimi dəyər qazanan Brent nefti, həftənin sonuna doğru 76$-a kimi ucuzlaşıb və 78$-ın altında qalmağa davam edərsə, 74$-a kimi də ucuzlaşa bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında isə qızıl qiymətində avqust ayı ərzində müşahidə edilən bahalaşma, sentyabr ayının qədəm basması ilə ucuzlaşıb. Hal-hazırda 1193$-a (38.4 $/qram) ticarət edilən bir unsiya üzrə qiymət, keçən həftənin minimum səviyyəsini də aşağı istiqamətdə qıraraq, altında qalarsa, ucuzlaşması 1182$-a (38.0 $/qram) kimi sürətlənə bilər.