Maliyyə bazarlarında son vəziyyət - 17.09.2018

17 Sentyabr 2018

Amerika Mərkəzi Bankının dördüncü faiz artımına gedə biləcəyi gözləntiləri zəifləyib və beynəlxalq ticarətdə risklər daha da artıb. Dollar təzyiq altında.

Maliyyə bazarlarında son vəziyyət - 17.09.2018

EUR. 

Beynəlxalq valyuta birjalarında keçən həftə ərzində dolların aparıcı valyutalara nisbətən məzənnələrində 2%-ə kimi ucuzlaşma müşahidə edildi. EUR/USD məzənnəsi isə 1.17$-a kimi bahalaşdıqdan sonra yenidən 1.16$-a kimi ucuzlaşıb. Lakin təhlillərə əsasən avronun qiyməti yenidən 1.1660$-a kimi bahalaşaraq üzərində möhkəmlənərsə, 1.1682 və 1.1720$-a kimi də bahalaşa bilər.

ABŞ iqtisadiyyatı ilə bağlı üçüncü rüb üzrə göstəricilərin zəif açıqlanması və Çin ilə münasibətlərin daha da gərginləşməsi riskləri özü ilə bərabər FED-in ilin sonuna kimi dördüncü faiz artımına gedə biləcəyi gözləntilərini də zəiflədir. Bu isə dolların daha da ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

Cümə axşamı Bakı vaxtı ilə 16:30-da açıqlanacaq Amerikanın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi də 1.3100$-ı yuxarı istiqamətdə qıraraq, üzərində qalarsa, 1.3172$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, son günlər İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” sazişi fonunda müzakirələr də diqqət mərkəzindədir. İngiltərə höküməti üçün razılaşmanın əldə edilməməsi, mənfi nəticələrə və beləliklə, funt sterlinqin də ucuzlaşmasına səbəb ola bilər. “BREXIT”-in ləğv edilməsi fikirləri də son günlər səslənməyə başlayıb.


Cümə axşamı saat 15:00-da İngiltərə Mərkəzi Bankı tərəfindən də faiz qərarı gözlənilir.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini gözləniləndən daha çox qaldırması, Dollar/Lirə qiymətinin 8%-ə kimi ucuzlaşmasına səbəb olub. Hal-hazırda 6.20TL-nin altında ticarət edilən USD/TRY məzənnəsi, 5.97TL-yə kimi də ucuzlaşaraq altında qalarsa, 5.70 və 5.43TL-yə kimi də ucuzlaşa bilər.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftənin minimum səviyyələri üzərində ticarət edilməkdədir və 77$-ın üzərində qalarsa, yenidən 80$-a kimi də dəyər qazana bilər.


Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında isə qızıl 1195$-a (38.4 $/qram) ticarət edilməkdədir. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1197$-ı (38.5 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1205$-a (38.8 $/qram) kimi dəyər qazana bilər.