Maliyyə bazarlarında son vəziyyət - 22.10.2018

22 Oktyabr 2018

Bu həftə Avropa və Türkiyə mərkəzi banklarının açıqlamaları və dolların qiymətində sonuncu bahalaşma fonunda korreksiya diqqət mərkəzində olacaq.

Maliyyə bazarlarında son vəziyyət - 22.10.2018

EUR. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi cümə günü 1.15$-a kimi bahalaşsa da, yenidən ucuzlaşıb. Ümumilikdə qiymət 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.

Avropa Birliyində (AB) İtaliyanın yeni büdcə siyasəti özü ilə bərabər siyasi və iqtisadi riskləri də artırır. Müzakirələr fonunda yaranmış iqtisadi qeyri-müəyyənlik investisiyaları azaltmaqla, avroya olan tələbin də aşağı olmasına səbəb olur.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq Avropa Mərkəzi Bankının faiz qərarı və saat 16:30-da baş tutacaq bankın mətbuat konfransı da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi də 1.31$-a kimi bahalaşsa da, yenidən ucuzlaşaraq, sözügedən səviyyənin altında ticarət edilir. Beləliklə, məzənnə 1.31$-ın altında qalarsa, 1.29$-a kimi də ucuzlaşa bilər.

İngiltərənin AB-dən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, ölkədə siyasi və iqtisadi riskləri artırmaqla yanaşı, yuxarıdakı proqnozları daha da gücləndirir.


TRY. 

Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 5.64TL ətrafında dalğalanmaqdadır. Artıq son iki aydır 22%-dən çox ucuzlaşan Dollar/Lirə məzənnəsi 5.52TL-ni də aşağı istiqamətdə qırarsa, 5.43TL-yə kimi də ucuzlaşa bilər.

Eyni zamanda, cümə axşamı saat 15:00-da yayımlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarının da böyük rol oynayacağı gözlənilir.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti isə keçən həftə ərzində 79$-a kimi ucuzlaşsa da “OPEC+” ölkələrinin bəyanatının təsiri ilə dəstək aldığı qiymətlərin üzərində ticarət edilməsi, yenidən bahalaşa biləcəyi proqnozlarını da aktual saxlayır.

Təhlillərə əsasən, qiymət 81$-ı yuxarı istiqamətdə qırarsa, 83$-a kimi dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın qiyməti sürətli artım dalğasından sonra bir həftdədir 1230 - 1220$ (39.6 - 39.2 $/qram) aralığında dalğalanmaqdadır. Qiymət yenidən 1233$-ı (39.7 $/qram) yuxarı istiqamətdə qırarsa, impulsiv dalğa bir həftəlik fasilədən sonra 1245$-a (40.0 $/qram) kimi davam edə bilər.