Maliyyə bazarlarında son vəziyyət - 13.05.2019

13 May 2019

Dünya maliyyə bazarlarında bu gün Avrozona və Türkiyə iqtisadiyyatlarına dair açıqlanacaq vacib fundamental göstəricilər diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 13.05.2019

EUR. 

EUR/USD məzənnəsi 1.13-1.12$ aralığında dalğalanmaqdadır və 1.14$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Avrozona üzrə fundamental göstəricilərin müsbət və qlobal risklərin azalmasına dair xəbərlərin açıqlanması, avroya dəstək olan amillərdir.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozona üzrə gələcək iqtisadi proqnozları ölçən indeksin və cümə günü saat 13:00-da inflyasiya dair önəmli statistik məlumatların yayımlanması da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsində də 1.30$-da dəstək görərək bahalaşıb və 1.32$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Çərşənbə axşamı saat 12:30-da dərc ediləcək İngiltərənin əmək bazarı ilə bağlı önəmli fundamental göstəricilər də böyük maraqla gözlənilir.


TRY. 

Türkiyə maliyyə bazarlarında Dollar/Lirə məzənnəsi 6.25TL-yə kimi bahalaşdıqdan sonra 5.97TL-yə kimi ucuzlaşıb və 5.88TL-yə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Bu həftə Türkiyə iqtisadiyyatına dair açıqlanacaq statistik məlumatlarla zəngin bir dövrdür. Belə ki, bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq saat 11:00-da xarici əməliyyatlar balansı, sənaye istehsalı və işsizlik səviyyəsi ilə bağlı vacib fundamental göstəricilər açıqlanacaq.


OIL. 

Beynəlxalq enerji birjalarında neft təklifinin artması, qiymətlərin də ucuzlaşmasına təsir etməkdədir. Beləliklə, 71-70$ aralığında ticarət edilən Avropanın Brent neftinin bir barel üzrə qiyməti, 68 və 66$-a kimi də dəyər itirə bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Dünya birjalarında dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da bahalaşmasına təsir etməkdədir. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1285$-ın (41.3 $/qram) üzərində möhkəmlənərsə, 1291$-a (41.5 $/qram) kimi də dəyər qazana bilər.