Maliyyə bazarlarında son vəziyyət - 23.12.2019

23 Dekabr 2019

Bu həftə birjalarda ticarət aktivliyi zəif gözlənilsə də, növbəti həftənin taleyini həll edə biləcək hadisələr bu həftə diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 23.12.2019

EUR. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilsə də Amerika Mərkəzi Bankının (FED) uzun müddətli planları fonunda hökm sürən qeyri-müəyyənlik təzyiqləri yenidən artıra bilər. Qısa müddətli qiymətli kağızlar bazarında tələbin artmasının qarşısını almaq məqsədilə FED-in yenidən bazar əməliyyatlarını bərpa etməsi uzun müddətli perspektivdə suallar yaradır. 

Beləliklə, EUR/USD məzənnəsində yenidən 1.12$-a kimi bahalaşmanın şahidi ola bilərik. 

Bununla yanaşı, Amerika, Almaniya, İngiltərə, İsverçrə və s ölkələrdə Yeni İl bayramı ilə əlaqədar cari həftə ərzində ticarət aktivliyinin aşağı düşməsi gözlənilir. 


GBP. 

GBP/USD məzənnəsində də ucuzlaşma dinamikasında zəifləmə müşahidə edilir və bu, artım dalğasının yarana biləcəyinə işarədir. 

Qeyd etmək lazımdır ki, yanvarın 31-də Breksitin baş tutacağı dəqiqləşəndən sonra gələcək bir il ərzində əsas diqqət mərkəzində olacaq hadisə AB ilə ticarət sazişinin razılaşdırılmasıdır. 


TRY. 

USD/TRY məzənnəsində bahalaşma davam edir və təhlillər qiymətin 5.99TL-yə kimi inkişaf edə biləcəyinə işarədir. 

TCMB-nin növbəti faiz azaldılması ehtimalları Türkiyənin xarici hesablaşmalarda müsbət saldosunun daha da azala biləcəyindən xəbər verdiyi üçün bu, lirənin də ucuzlaşmasına səbəb olur.


OIL. 

Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 67$-a kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb və bu, 65$-a kimi dərinləşə bilər.  

Cümə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın qiymətində da bahalaşma müşahidə edilir. Bir unsiya üzrə qiymət 1481$-ın (47.6 $/qram) üzərində möhkəmlənərsə, 1491$-a (47.9 $/qram) kimi dəyər qazana bilər.