Maliyyə bazarlarında son vəziyyət - 10.02.2020

10 Fevral 2020

Bu həftə Amerika Mərkəzi Bank sədrinin parlamentin aşağı və yuxarı palatalarında çıxışları və ABŞ-ın inflyasiyasına dair göstəricilər önəmli olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 10.02.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında dünyada yeni iqtisadi risklərin artmasına səbəb ola biləcək koronavirusunun, getdikcə yayılması xəbərləri, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olmaqdadır. Bu, riskli dövrlərdə dolların güvənli maliyyə aləti kimi səciyyələndirilməsinin nəticəsidir. EUR/USD məzənnəsi isə ucuzlaşaraq, 1.10$-ın altında ticarət edilir və sözügedən səviyyənin altında qaldıqca, 1.08$-a kimi də ucuzlaşa bilər. 

Bununla yanaşı, bu həftənin çərşənbə axşamı və çərşənbə günü Bakı vaxtı ilə saat 19:00-da FED sədrinin parlament qarşısında verəcəyi yarım illik hesabatı və cümə axşamı saat 17:30-da ABŞ-dan dərc ediləcək inflyasiyaya dair göstəricilər də investorların diqqət mərkəzində olacaqdır. 


GBP. 

GBP/USD məzənnəsində də ucuzlaşma müşahidə edilir. Təhlillərə əsasən, funtun qiyməti 1.2960$-ın altında qaldıqca, 1.2770$-a kimi ucuzlaşa bilər. 

Çərşənbə axşamı saat 13:30-da da İngiltərənin sənaye istehsalı ilə bağlı önəmli fundamental göstəricilər açıqlanacaqdır. 


TRY. 

Lirənin qiymətində də ucuzlaşması istiqamətində güclü volatilliyin şahidi oluruq. Hazırda 5.9850TL-nin üzərində təklif edilən USD/TRY məzənnəsi, 6TL-nin qırılması ilə 6.05TL-yə kimi bahalaşa bilər. 

Cümə axşamı saat 11:00-da Türkiyədən açıqlanacaq pərakəndə satış dövriyyəsi ilə bağlı göstəricilər də məzənnəyə təsiri baxımından böyük maraqla gözlənilir. 


OIL. 

Koronavirusu ilə əlaqədar olaraq qlobal iqtisadi aktivliyin azalması, enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiymətində ucuzlaşmaya səbəb olmaqdadır və ucuzlaşmanın 51-52$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır. 

Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir. 


GOLD. 

Dünyada siyasi və iqtisadi risklərin daha da artması riskləri, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olmaqdadır. Belə ki, keçən həftə bir unsiya üzrə qiymətdə bahalaşma olub və bu, 1576$-ın (50.7 $/qram) qırılması ilə 1594$-a (51.3 $/qram) kimi də davam edə bilər.