Maliyyə bazarlarında son vəziyyət - 17.02.2020

17 Fevral 2020

Beynəlxalq maliyyə bazarlarında bu həftə daha çox investorların diqqət mərkəzində açıqlanacaq önəmli fundamental göstəricilər olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 17.02.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında Çində getdikcə yayılan virusun qlobal iqtisadi zərəzləri fonunda investorların diqqəti bu həftə də açıqlanacaq önəmli fundamental məlumatlara yönələcəkdir. Belə ki, cümə günü Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan xidmət və sənaye sektorlarına dair göstəricilər açıqlanacaqdır. 

EUR/USD məzənnəsi isə ucuzlaşmaqda davam edir və 1.07$-a kimi də ucuzlaşacağı proqnozlaşdırılır. 


GBP. 

İngiltərədə də cümə günü saat 13:30-da xidmət və sənaye sektorları ilə bağlı biznes aktivliyi indekslərinin yayımlanması ilə yanaşı, çərşənbə günü saat 13:30-da inflyasiya və cümə axşamı saat 13:30-da pərakəndə satış dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilərin də açıqlanması böyük maraqla gözlənilir. Xüsusilə də yeni hökümətin qurulmasının iqtisadiyyata təsiri treyderlər üçün önəmli olacaqdır. 

GBP/USD məzənnəsi 1.3069$ müqavimət səviyyəsinin altında ticarət edilir və altında qaldıqca, 1.29$-a kimi də ucuzlaşa bilər. 


TRY. 

Lirənin ucuzlaşmaqda davam edəcəyi proqnozları güclü olaraq qalır və təhlillər USD/TRY məzənnəsinin 6.13TL-yə kimi bahalaşa biləcəyini ehtimal etməyə əsas verir. 

Çərşənbə günü saat 15:00-da dərc ediləcək Türkiyə Mərkəzi Bankının faiz qərarı da məzənnəyə təsiri baxımından böyük maraqla gözlənilməkdədir. 


OIL. 

Enerji birjalarında neft qiymətlərinin dayanıqlı inkişafı üçün “OPEC”-in yenidən bazara müdaxilə edə biləcəyinə dair ehtimallar, Brent neftinin son günlər bahalaşmasına səbəb olur və 61$-a kimi dəyər qazana bilər. 

Cümə axşamı günü saat 20:00-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir. 


GOLD. 

Koronavirusunun daha da genişlənməsi fonunda investorların ehtiyatlı mövqeləri əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olmaqdadır. Beləliklə, bahalaşmanın 1594$-a (51.3 $/qram) kimi də davam edə biləcəyi proqnozları da artmaqdadır.