Maliyyə bazarlarında son vəziyyət - 06.04.2020

06 Aprel 2020

Keçən həftə ərzində dolların qiymətlərində müşahidə edilən bahalaşmanın davam edə biləcəyinə dair suallar bu həftə də investorları düşündürəcəkdir.

Maliyyə bazarlarında son vəziyyət - 06.04.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində keçən həftə ərzində müşahidə edilən bahalaşma nəticəsində EUR/USD məzənnəsi 1.08$-a kimi ucuzlaşmışdır. Texniki təhlillərə əsasən, avronun qiyməti 1.0770$-ı aşağı istiqamətdə qırarsa, ucuzlaşma 1.06$-a kimi də davam edə bilər. 

Çərşənbə axşamı Bakı vaxtı ilə saat 10:00-da Almaniyadan sənaye istehsalı, saat 10:45-də Fransadan xarici ticarət dövriyyəsi və cümə günü ABŞ-dan inflyasiyaya dair önəmli fundamental göstəricilər açıqlanacaqdır. 


GBP. 

GBP/USD məzənnəsi də dolların bahalaşması fonunda təzyiq altındadır. Cari həftə ərzində funtun qiyməti 1.24$-ın altında qalmaqda davam edərsə, ucuzlaşma dalğasının şahidi ola bilərik. 

Bununla yanaşı, cümə axşamı saat 10:00-da İngiltərədən dərc ediləcək iqtisadi inkişaf, sənaye və xarici ticarət dövriyyəsi ilə bağlı önəmli statistik göstəricilər də diqqət mərkəzində olacaqdır. 


TRY. 

Son bir ilin maksimum səviyyəsində dalğalanan USD/TRY məzənnəsi də bahalaşmaqda davam edir. Məzənnə cümə axşamının dəstək səviyyəsi üzərində qaldıqca, bahalaşma 6.96TL-yə kimi davam edə bilər. 

Türkiyədən cümə günü saat 11:00-da yayımlanacaq işsizliyə dair önəmli göstəricilər də böyük maraqla gözlənilməkdədir. 


OIL. 

Enerji birjalarında dayanıqlı neft qiymətlərinin təmin edilməsi istiqamətində son günlər Amerika, Səudiyyə Ərəbistanı və Rusiya dövlətləri arasında danışıqların getməsinə dair xəbərlərin yayılması, neft qiymətlərinin bahalaşmasına səbəb olmaqdadır. 

Hazırda 34$-a ticarət edilən Avropanın Brent neftinin bir barel qiyməti, keçən həftənin maksimumunu - 36$-ı qırarsa, 46$-a kimi dəyər qazana bilər. 


GOLD. 

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti yenidən bahalaşmağa başlayıb. Təhlillərə əsasən, qiymət 1643$-ın (52.8 $/qram) qırılması ilə bahalaşmaqda davam edə bilər və növbəti ən yaxın hədəflər 1703$-dır (54.8 $/qram).