Mark Karney: İngiltərədə inflyasiya yüksək olaraq qalır

02 Avqust 2018

İngiltərə Mərkəzi Bankı 2018-ci ildə ilk faiz artımına getsə də, ölkə iqtisadiyyatına qarşı inflyasiya və Breksit fonunda risklər aktual olaraq qalır.

Mark Karney: İngiltərədə inflyasiya yüksək olaraq qalır

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") yumşaq monetar siyasətindən bir addım da uzaqlaşıb. Belə ki, uçot faiz dərəcəsi 0.50%-dən 0.75%-ə kimi artırıldı, istiqraz alışı proqramı isə cari səviyyədə saxlanılıb. Bank 2017-ci ilin noyabr ayında son on il ərzində ilk dəfə uçot faiz dərəcəsini 0.25%-dən bugünkü səviyyəyə qaldırmışdır. Bu gün isə 2018-ci il ərzində ilk faiz artımı reallaşır. Bununla yanaşı, faiz artımı qərarı bankın idarə heyətinin 9 üzvünün hamısı tərəfindən yetkinliklə qəbul edilib və faiz artımı maliyyə bazarları tərəfindən də proqnozlaşdırılırdı. 


Məlumatların açıqlanmasından sonra son günlər 1.31$ ətrafında ticarət edilən GBP/USD məzənnəsi ani olaraq 1.3124$-a kimi bahalaşsa da, sürətlə 1.3033$-a kimi ucuzlaşıb. Ucuzlaşma məhdud qiymətləndirilir və texniki səbəblərlə əlaqələndirilir. Faiz qərarı və qərardan sonra baş tutan mətbuat konfransında səsləndirilən fikirlərin maliyyə bazarlarında təsiri isə özünün gələcək günlərdə göstərəcəkdir. 


Mətbuat konfransından başlıqlar aşağıdakı kimidir:


 - İstehlak qiymətləri yüksək enerji qiymətləri və funtun təsiri altında artır. Gələcək 3 ildə inflyasiyanın 2% üzərində olacağı gözlənilir;

 - İngiltərə iqtisadiyyatının maliyyə siyasətində mülayim sərtləşməyə ehtiyac vardır. Ehtiyatlı və mərhələli sərtləşməyə ehtiyac var;

 - Breksit danışıqları çətin dövründədir və mərkəzi bank hər nəticəyə hazırdır.


Qeyd etmək lazımdır ki, İngiltərədə yüksək inflyasiya iqtisadi inkişaf səviyyəsinə mənfi təsir etməkdə davam edir. Belə ki, ÜDM-də rüblük artım ən az İngiltərədədir: 0.2%.