Məşğulların sayında zəif, əmək haqlarında güclü artım

08 Mart 2019

Dünya birjalarında son günlər ABŞ-dan böyük maraqla gözlənilən önəmli fundamental məlumatlar ümumilikdə müsbət açıqlanıb.

Məşğulların sayında zəif, əmək haqlarında güclü artım

ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanan rəsmi məlumatlara əsasən, məşğullarında sayında artım proqnozlaşdırılandan çox zəif olub, əmək haqlarında artım güclənib və işsizlik gözlənilmədən son üç ayın minimumuna düşüb. Keçən ayın məşğulluq səviyyəsində dəyişiklik dinamikası da qismən artırılıb. 


Belə ki, fevral ayında qeyri-kənd təsərrüfatında məşğul olanların sayı 20 min nəfər artıb, yanvar ayının göstəricisi 311 min nəfərə kimi 7 min nəfər artırılıb vəi şsizlik səviyyəsi isə 3.8%-ə düşüb. Beləliklə, işsizlik azalsa da məşğulların artım dinamikası  son 17 ayın minimum səviyyəsinə düşüb. Mütəxəssislər artım dinamikasının yalnız 181 min nəfərə, işsizlik səviyyəsinin 3.9%-ə kimi 0.1% düşəcəyini proqnozlaşdırırdılar. 


Bir saatlıq orta əmək haqlarında artım dinamikası aylıq müqayisədə 0.4% (əvvəl 0.1%), illik müqayisədə isə 3.4%-ə (3.1%) yüksəlib. Burada isə iqtisadçılar müvafiq olaraq dinamikanın 0.3 və 3.3%-ə kimi yüksələ biləcəyini ehtimal edirdilər.  


Qeyd etmək lazımdır ki, ABŞ-da işsizlik 5% səviyyəsində olanda, bu, Amerika mərkəzi bankı tərəfindən (FED) tam məşğulluq kimi qiymətləndirilirdi. Bu səbəbdən də 5% altında olan göstəricidə dalğalanma tam ciddi qəbul edilməyə bilər. FED-in daha çox narahat olduğu məqam, tam məşğulluq şəraitində əmək haqlarında artımın müşahidə edilməməsi idi. Lakin son aylar burada inkişaf müşahidə edilir və yuxarıda dərc edilən göstəricilər ümumilikdə müsbət qiymətləndirilə bilər. 


Bununla yanaşı,sonuncu "JOLT" hesabatında əmək bazarında boş iş yerlərinin sayında da artım müşahidə edilməkdədir. Bu isə onu deməyə əsas verir ki, ixtisaslı kadr çatışmazlığı ola bilər və bu da öz həllini taparsa, əmək haqlarında artım daha da güclənə bilər. 


Əmək haqlarında artım dinamikasında dayanıqlığın təmin olunması, inflyasiyaya müsbət təsir edir və FED-in 2%-lik hədəfi yenidən təmin oluna bilər. Sonuncu statistik göstəricilərdə ABŞ-da inflyasiya 1.6%-ə düşmüşdü.