ABŞ-da neft benzin ehtiyatlarından daha sürətlə artır

24 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün axşam saatlarında açıqlanacaq neft ehtiyatları üzrə təhlillər investorların diqqət mərkəzində.

ABŞ-da neft benzin ehtiyatlarından daha sürətlə artır

Enerji birjalarında son günlər neft qiymətlərinin bahalaşması treyderlərin diqqət mərkəzində olmaqla yanaşı, bu gün ABŞ-dan dərc ediləcək neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir. 


Bu gün Bakı vaxtı ilə saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli statistik göstəricilər üzrə proqnozlara əsasən, ehtiyatlar 1.3 milyon barel arta bilər. 


2019-cu ilin əvvəlindən etibarən neft ehtiyatları ümumilikdə 13.7 milyon barel artmışdır (41.6 milyon barel artmış, 27.9 milyon barel azalmışdır). Benzin ehtiyatı isə ümumilikdə 5.2 milyon barel azalmışdır (27.4 milyon barel artıb, 32.6 milyon barel azalıb). 


Neft ehtiyatının artması, istehsalın və təklifin artmasına, beləliklə, neft qiymətinin ucuzlaşa biləcəyinə, benzin ehtiyatının azalması isə tələbin artmasına, neftin bahalaşmasına işarədir. 


Qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən Avropanın Brent neftinin qiyməti 75$-a kimi 49% dəyər qazanmışdır.