Neft hasilatının azaldılması qərarı açıqlandı

07 Dekabr 2018

Neft İxrac Edən Ölkələr Birliyinin toplantısında üzv dövlətlər hasilat səviyyəsinin azaldılması qərarını verdilər, neft qiymətləri 8%-ə kimi bahalaşdı.

Neft hasilatının azaldılması qərarı açıqlandı

Neft İxrac Edən Ölkələr Birliyi (ing.: "OPEC") ölkələrinin cümə axşamı başlayan və cümə gününə kimi davam edən 175-ci rəsmi toplantısında, gündəlik hasilat səviyyəsinin 800 000 barel azaldılması razılaşdırılıb. Bu haqda İraqın neft naziri məlumat verib. Razılaşma 6 ay tətbiq və aprel ayında yenidən müzakirə ediləcəkdir. İran höküməti ilə razılıq əldə edildikdən sonra ümumi qərara gəlinib. 


Beləliklə, ümumilikdə dünya bazarlarında 14 "OPEC" ölkəsi digər neft ixracı ilə məşğul olan 10 dövlətlə birlikdə ("OPEC+") gündəlik hasilat səviyyəsini 1.2 milyon barel azaltmağı planlaşdırır. Digər 400 000 barel isə "OPEC"-ə üzv olmayan ölkələrin üzərinə düşür. 


1.2 milyon barellik azalma isə dünya istehsalının 1%-ini təşkil edir. Gündəlik 1%-lik azalma ilə 24 ölkə, xüsusilə də Səudiyyə Ərəbistanı və Rusiya dünya bazarlarında neft qiymətlərinin stabilləşməsinə çalışır. 


Məlumatlardan sonra enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 63.50$-a kimi 7.5% dəyər qazanıb. 


Qeyd etmək lazımdır ki, razılaşma fonunda əsas maneə İran idi. İran höküməti ABŞ sanksiyalarına görə, xüsusi status tələb edirdi.