Brent nefti 60$-a kimi dəyər qazandı

04 Sentyabr 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərində güclü bahalaşma müşahidə edilib. Bahalaşmaya isə bir neçə amil təsir edib.

Brent nefti 60$-a kimi dəyər qazandı

Avropanın Brent markalı neftinin bir barel üzrə qiyməti çərşənbə günü 59.57$, Amerikanın Qərbi Texas nefti isə 55.21$-a kimi bahalaşıb. 

Maliyyə birjalarında ümumi müsbət əhval-ruhiyyə ilə əlaqədar olaraq maliyyə alətlərinə qarşı, bura əmtəə qiymətli kağızları da aiddir, maraq-risk iştahısı artıb. Bununla yanaşı, oktyabrın sonunda sazişsiz Breksitin baş tutacağına dair gözləntilərdə azalmağa başlayıb. Bunun üçün İngiltərə parlamentində yeni qanun layihəsinin səsverməyə təqdim edilməsi planlaşdırılır. 

Honkonq höküməti tərəfindən nümayişçilərin əsas tələblərinin qəbul edilməsi və valyuta birjalarında dolların ucuzlaşması da əsas səbəblər kimi göstərilir. 

Lakin enerji birjalarında bazar iştirakçılarını narahat edən amillər də diqqət mərkəzində saxlanılır. Dünya ticarətində, xüsusilə də ABŞ və Çin arasında hökm sürən böhranın nəticələri, özünü artıq Amerikanın sənaye sektorunda mənfi fundamental göstəricilərdə göstərməkdədir. Bu, orta və uzun müddətli perspektivdə neftə olan tələbin daha da azalmasına təsir edə bilər.