Neft qiymətlərində sürətli ucuzlaşma

26 Aprel 2019

Beynəlxalq enerji birjalarında Avropanın Brent neftinin 76$-a kimi bahalaşdıqdan sonra 73$-a kimi ucuzlaşması, investorların diqqət mərkəzindədir.

Neft qiymətlərində sürətli ucuzlaşma

Enerji birjalarında neft qiymətləri ucuzlaşmağa başlayıb və Brent nefti artıq 73$-ın altında ticarət edilməkdədir. Maliyyə bazarlarında cari tendensiya alış əməliyyatların reallaşdırılması ilə bağlı əlaqələndirilir. 


Cümə axşamına kimi Avropanın Brent nefti ABŞ hökümətinin İrana qarşı sanksiyalarının sərtləşdirilməsi ilə bağlı açıqlamasından sonra sürətlə bahalaşmağa başlamışdı. Bundan bir gün öncə isə rus neftini qərbə ixrac edən boru kəmərinin bağlanması, qiymətləri daha da bahalaşdırmışdı. Bütün bunlar fonunda Brentin bir barel üzrə qiyməti 75.58$-a kimi dəyər qazanmışdı.


Enerji birjalarında ilin əvvəlindən "OPEC+" razılaşması, Venesuelada hasilatın vaxt aşırı dayanması və İrana qarşı sanksiyaların elan edilməsi, neft qiymətlərinin bahalaşmasına səbəb olmağa başladı. 


Bununla yanaşı, cümə axşamı Rusiya neftinin Almaniya və Polşa tərəfindən də qəbul olunmaması xəbərlərinin yayımlanması, neft qiymətlərində dalğalanmanı daha da artırmışdı. Lakin Rusiya tərəfi məsələnin həllinə dair xəbər açıqlayıb və gələn həftədən etibarən yenidən Rusiya nefti qərbə ixrac ediləcəkdir. 


Həftənin bitməsinə iki gün qalmış, bu gün Bakı vaxtı ilə saat 21:00-da Amerikanın neft istehsalına dair açıqlanacaq önəmli fundamental məlumatlar da treyderlərin də diqqət mərkəzindədir.