Neftdəki enişlərin səbəbi nədir?

07 Avqust 2019

Beynəlxalq enerji birjalarında neftin yenidən eniş tendensiyasında olması investorların diqqət mərkəzindədir.

Neftdəki enişlərin səbəbi nədir?

Hasilat və tələb nisbəti neftin qiymətlərini formalaşdıran ən əhəmiyyətli faktorlardandır. Baxmayaraq ki, hasilat azaldılıb, amma tələbin hasilata nibətdə daha kəskin azalması, neftin qiymətlərində enişlərə səbəb olur.

ABŞ və Çin arasındaki ticarət savaşlarının mənfi təsirləri ilk olaraq Çin iqtisadiyyatında hiss edildi və Çində "PMI" indeksi kəskin şəkildə zəiflədi. Çin iqtisadiyyatının 2018-ci ilin son rübündə zəifləməsi, dünya iqtisadiyyatında çaxnaşmaya səbəb oldu və satışlar artdı. Həm tələbatın azalması, həm də tələbin daha kəskin şəkildə azalacağı ehtimallarına dair narahatlıq səbəbindən ilin son rübündə neft qiymətləri də böyük itkilər verdi. Belə ki, 2018-ci ilin oktyabr ayında 87$-dan ucuzlaşmağa başlayan OILUK,  ilin sonunda 49$ ilə 2017-ci ilin iyul ayından sonra ən aşağı hədlərinə çatdı.

2019-cu ilin ilk 4 ayını yüksəlişlə tamamlayan Brend nefti 75$-ı keçə bilmədi. Həmin dövrdə "OPEC" və neft istehsal edən ölkələr hasilatın azaldılmasının davam etdirilməsi yönündə qərar qəbul etdilər. Lakin ABŞ və Çin arasındaki müzakirələrin uzanması və müsbət yekunlara dair gözləntilərin azalması, neftin daha da bahalaşmasına imkan vermədi. 

Mayda isə müzakirələrin dondurulmasından sonra yenə tələbin azalacağı ehtimalları ilə OILUK enişlərə başladı. Bununla yanaşı, ticarət savaşları başda olmaqla, əsas aparıcı ölkələrdə iqtisadi geriləmələr, xüsusilə Almaniya və Fransada emal və istehsal sənayesində zəifləmələr də neftə olan tələbi azaltdığı üçün OILUK maliyyə aktivində enişlər daha da dərinləşdi. 

Keçən həftə Trampın Çinə yeni sanksiya tətbiqinə dair qərarının təsiri ilə Brend markalı neft 65$-dan yenidən enişlərə başladı. Bu gün isə 58$-ı da qıraraq artıq eniş trendini sürətləndirib.  2018-ci ilin son rübündə yaşanılan həyəcan və satışlar, Trampın son qərarından sonra yenidən müşahidə edilir. Beləliklə, ticarət savaşları riskini artıracaq hər bir qərar neftin qiymətlərinə təzyiqi daha da artıra bilər. Belə bir şəraitdə "OPEC", ehtiyatlarla bağlı statistik göstəricilər və ya digər proseslərin də qiymətlərə müsbət təsiri məhdud qiymətləndirilir.