"NFP" dolların ucuzlaşmasını sürətləndirə bilər

05 Aprel 2019

ABŞ-dan yayımlanacaq önəmli göstəricilər üzrə proqnozlar son günlər dollarda ucuzlaşma dinamikasının daha da güclənə biləcəyini ehtimal etməyə əsas verir.

"NFP" dolların ucuzlaşmasını sürətləndirə bilər

Cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.


Ümumi məlumat. 

Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. "NFP") və əmək haqlarında dəyişiklik dinamikası yer tutur. "NFP" bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, investorlara qiymət istiqamətini proqnozlaşdırmağa imkan yaradır.


Nə gözlənilir?

Mart ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsi 3.8%, məşğulluq səviyyəsində 180000 nəfər və əmək haqlarında isə 0.2% artım proqnozlaşdırılır. Təcrübə göstərir ki, "NFP" üzrə 200000 nəfər və əmək haqlarında 0.3% üzərində açıqlanan göstərici güclü hesab edilir. İşsizlik isə artıq tam məşğulluq səviyyəsindədir.


Valyuta birjalarına təsiri. 

ABŞ-da tam məşğulluq hökm sürsə də, əmək haqlarında artım Amerika mərkəzi bankı (FED) tərəfindən zəif qiymətləndirilir. Beləliklə, əmək haqları ilə bağlı göstərici proqnozlaşdırıldığı kimi yayımlanarsa, bu, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 1%-ə kimi ucuzlaşmasına təsir edə bilər. İşsizlik və "NFP" ilə bağlı göstəricilər də proqnozlara yaxın rəqəmlərlə dərc edilərsə, dollarda ucuzlaşma daha da sürətlənə bilər. Lakin alternativ olaraq isə işsizlik və "NFP" ilə bağlı göstəricilər proqnozlardan daha yaxşı açıqlanarsa, bu, gələcək aylarda əmək haqlarının da yenidən arta biləcəyinə və beləliklə, dolların da bahalaşa biləcəyinə işarədir.