Povel: Faiz artımında ehtiyatlı olmalıyıq

29 Noyabr 2018

Beynəlxalq maliyyə bazarları iştirakçıları FED sədri Jerom Povelin açıqlamalarını gələn il faiz artımının zəif olacağı kimi qiymətləndirib.

Povel: Faiz artımında ehtiyatlı olmalıyıq

Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel gələcək faiz artımında ehtiyatlı davranacaqlarına işarə edib. Nyu Yorkda çərşənbə günü çıxış edən bank sədri bildirib ki, faiz artımının iqtisadiyyata təsiri qeyri-müəyəndir. FED-in sərt monetar siyasətinin nəticəsi bir və ya daha çox ildən sonra özünü göstərə bilər. 


FED-in cari faiz səviyyəsi neytral faiz səviyyəsindən aşağıdır - 2.00-2.25%. Bankın monetar siyasətini müəyyən edən komitənin (ing.: "FOMC") 3% səviyyəsində müəyyən etdiyi neytral faiz, iqtisadiyyata nə mənfi, nə də müsbət təsiri ilə seçilən səviyyədir. Maliyyə bazarlarında isə əksər mütəxəssislər uçot faizinin 3%-dən çox artırılacağına əmin deyillər. Povel isə oktyabr ayında cari uçot faiz dərəcələrini neytral faiz səviyyəsində uzaq qiymətləndirmişdi. 


Beləliklə, gələn il faiz artımında fasilənin olacağı ehtimalları getdikcə artır. Lakin dekabr ayında cari il ərzində dördüncü faiz artımına (+0.25%) gediləcəyinə dair proqnozlar yüksəkdir. 


Bununla yanaşı, Povel ABŞ iqtisadiyyatının əlverişli olduğunu əlavə edib və dayanıqlı inkişafın davam edəcəyini gözləyir. İşsizlik səviyyəsinin də aşağı olması və inflyasiyanın 2% ətrafında möhkəmlənəcəyi ehtimal edilir. FED 2%-lik inflyasiya hədəfləyir. 


Maliyyə bazarlarında Povelin açıqlamalarından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri sürətlə ucuzlaşmağa başlayıb. Səhm və istiqraz bazarlarında isə qiymətlər sürətlə bahalaşmağa başlayıb.