Povel: "Faiz dərəcəsini artırmaq lazımdır"

29 Noyabr 2017

Dünya maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti Amerika sessiyasında bahalaşıb.

Povel: "Faiz dərəcəsini artırmaq lazımdır"

Dünya maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti, Şimali Koreyanın yeni raket sınağı keçirtməsi ilə bağlı xəbərlərdən, ABŞ-ın istehlak bazarı ilə bağlı müsbət fundamental göstəricilərin açıqlanmasından və Jerom Povelin fikirlərindən sonra bahalaşıb. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da Amerika Mərkəzi Bankının (“FED”) sədri Janet Yellenin də çıxışı olacaqdır. Çıxış sədrin konqres qarşısında gələcək iqtisadi gözləntiləri ilə bağlı olacaqdır.

Maliyyə bazarlarında “FED”-in dekabr ayının 13-də faiz artımına gedəcəyi gözlənilir. “FED”-in gələcək yeni sədri Jerom Povel də dünən senatorluğun bank komitəsi qarşısında nitqi zamanı, cari vəziyyətin faiz artımını labüd etdiyini vurğulayıb: “Artıq faiz dərəcələrinin normal səviyyəyə gətirilməsinin vaxtı çatıb”.

Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trump “FED”-in yeni sədrliyinə Jerom Poveli təklif edib. Senat isə bu təklifi təsdiq etməlidir.

Enerji bazarlarında isə neft qiymətləri, cümə axşamı Vyanada baş tutacaq Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: “OPEC”) 173-cü toplantısı öncəsi, 63-64$ aralığında ticarət edilməkdədir. Bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq, ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.