Povel: FED hadisələri izləyir

11 Yanvar 2019

Amerika Mərkəzi Bankının sədri Jerom Povel açıqlamalarında ABŞ iqtisadiyyatına dair nikbin olmasına baxmayaraq, FED-in ehtiyatlı mövqeyini də göstərib.

Povel: FED hadisələri izləyir

Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel monetar siyasət fonunda yenidən ehtiyatlı mövqe sərgiləyib. Belə ki, sədr cümə axşamı "Economic Club of Washington"-da çıxışı zamanı bildirib ki, hadisələrin necə davam edəcəyini gözləyirlər və faiz artımı istiqamətində dəqiq planları yoxdur. Lakin FED hər zaman iqtisadiyyata dəstək olmaq üçün bütün alətlərdən istifadə etməyə hazırdır. 


Povel bir daha maliyyə bazarlarındakı mənfi tendensiyaya toxunub və bunu ticarət münaqişələri ilə əlaqələndirib. O, bazarların FED-dən daha pessimist olduğunu vurğulayıb və FED-ə görə ABŞ iqtisadiyyatı sağlamdır. Əsas narahat edici amil isə dünya iqtisadiyyatındakı zəif inkişaf səviyyəsidir. Avrozona və Çində iqtisadiyyat zəifləməkdədir və bunun ABŞ iqtisadiyyatına təsirini izləmək lazımdır. Lakin ABŞ iqtisadiyyatında böhrana dair işarələr görünmür. 


İnflyasiya gözləntilərinə dair isə FED sədri az naharatdır. İnflyasiyanın bu il də iki faiz ətrafında olacağı və iqtisadiyyatda dalğalanmanın inflyasiyaya az təsir edəcəyi proqnozlaşdırılır. İnflyasiyanın sözügedən səviyyələrdə möhkəmlənməsi, FED üçün uğur hesab edilir. 


Qeyd etmək lazımdır ki, Povel keçən həftənin cümə günü də pul-kredit siyasətində gözləmə mövqeyi ilə bağlı işarələr vermişdi. FED-in digər üzvləri də faiz artımı fonunda gözləntilərini aşağı salıb. Dekabr ayında cari il üzrə iki faiz artımı planlaşdırılırdı. Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp da FED-in monetar siyasətini sərt tənqid edib. Povel isə prezidentdən dəvət almadığını bildirib.