Povel: Növbəti faiz artımları üçün güclü səbəblər var

20 İyun 2018

FED sədri Jerom Povel AMB-nin təşkil etdiyi konfransda, iqtisadi vəziyyətin əlavə faiz artımları üçün yaxşı imkanlar yaratdığını bildirib.

Povel: Növbəti faiz artımları üçün güclü səbəblər var

ABŞ-da iqtisadi vəziyyət daha yüksək faiz artımlarına imkan verir. Bu haqda Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel çərşənbə günü Avropa Mərkəzi Bankının (AMB) Portuqaliyada təşkil etdiyi konfransda danışıb. Belə ki, sədr əmək bazarında aşağı işsizlik səviyyəsini və inflyasiyanın hədəflərə yaxın olmasını, mərhələli faiz artımı üçün güclü arqument kimi qiymətləndirib. Bununla yanaşı, o, monetar siyasət ilə əlaqədar qeyri-müəyyənliyin də olduğunu əlavə edib. 


Qeyd etmək lazımdır ki, keçən həftə FED uçot faiz dərəcəsini cari il ərzində ikinci dəfə artırdı. Ümumilikdə bu, 2015-ci ildən etibarən həyata keçirlməsinə başlanılan sərt monetar siyasət fonunda 7-ci faiz artımıdır. FED cari ilin sonuna kimi əlavə iki faiz artımı da planlaşdırır. Bu gözləntilər bir neçə həftə əvvəl bir faiz artımı az idi.