Povel: Ticarət maneələri mənfi təsir edə bilər

18 İyul 2018

FED sədri senatda çıxışı zamanı iqtisadi vəziyyət ilə bağlı müsbət siqnallar versə də, yeni ticarət siyasəti fonunda maneələr vəziyyəti bulandırır.

Povel: Ticarət maneələri mənfi təsir edə bilər

Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel ABŞ Senatı qarşısında çıxışı zamanı ilk öncə diqqət mərkəzində olan gərginləşən ticarət münasibətləri mövzusundan yayınmağa çalışırdı. Belə ki, o, ilk dəqiqələrdə yeni ticarət siyasətinin iqtisadiyyata təsirinin ölçülməsinin çətin olduğunu bildirdi. 


Lakin qısa şərh ilə kifayətlənmək istəməyən senatorlar, hər dəfə daha dəqiq cavablar almağa çalışır və Povel də fikirində daha da dəqiq olurdu: "Açıq ticarət münasibətləri xeyirlidir. Biz ölkələrin ticarət maneələri ilə qarşılaşmasını istəmirik. Biz beynəlxalq qanunlara əsaslanan sistem istəyirik". 


Keçmiş illərdə ticarət maneələri kimi gömrüklər getdikcə yumşaldılmışdı. Bu trendin qarşısı alınırsa, bu, iqtisadiyyat və istehsal üçün pisdir. Yeni ticarət siyasəti fonunda yaranmış qeyri-müəyyənliyin əmək haqlarında artıma mənfi təsir edəcəyi sualına isə belə cavab verildi: ""Mümkündür, amma bu özünü göstəricilərdə göstərməyib".


Sonuncu dəfə Çin ilə ticarət gərginliyi yeni yüksəkliklərinə çatıb. ABŞ ədalətsiz ticarət şərtlərini əsas gətirərək, Çindən idxal olunan 34 milyard dollar dəyərində olan məhsullara gömrük rüsumunu artırıb. Bununla kifayətlənməyən Donald Tramp 200 milyard dollar dəyərində olan məhsullara da gömrük rüsumlarını sərtləşdirəcəyi xəbərdarlığını edib. Avropa Birliyi ilə də ticarən münasibətləri getdikcə gərginləşir. 


Bütün bunlara baxmayaraq, Povel ABŞ iqtisadiyyatının inkişaf etdiyini vurğulayır. İnflyasiyada artım da "cəsarət verici"-dir. İqtisadi mənzərə elə bir səviyyədədir ki, inflyasiyanın gələn il də hədəflənən 2% səviyyəsində olacağı gözlənilir. 


Beləliklə, cari vəziyyəti nəzərə alaraq, faiz dərəcələrinin mərhələli şəkildə artırılması ən yaxşı yoldur. Bununla da FED iqtisadi inkişaf ilə bərabər addımlamış olar. Faiz artımı dinamikası isə nə çox güclü, nə də çox sürətli olmalıdır ki, iqtisadi inkişaf sürətinin qarşısı alınsın. 


Cari səviyyədə mərkəzi bank inflyasiya hədəfinə çatmaq üzrədir. Povelə görə sonuncu açıqlanan göstəricilər buna işarədir. Lakin bankın inflyasiya mövzusunda hələ tam "qələbə imzalaması" üçün şəxsi istehlak xərcləri qiymətlərinin (ing.: "PCE") baza indeksinə diqqət yetirir. ABŞ iqtisadiyyatının 2/3 hissəsinı istehlak təşkil edir. Burada isə artım dinamikası may ayında 2% olub - FED-in hədəflədiyi göstərici. 


Maliyyə bazarlarında FED sədrinin çıxışı müsbət qarşılanıb. Belə ki, dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.5% bahalaşıb. Povelin çıxışı ilin sonuna kimi əlavə faiz artımları gözləntilərini artırmaqla foreks bazarlarında dolların da bahalaşmasına səbəb olur.