Povel: Yeni ticarət qaydaları risklər yaradır

14 İyun 2018

FED sədri uçot faiz dərəcəsinin yuxarı sərhədini 2%-a qaldırıldıqdan sonra açıqlamasında, hökümətin yeni siyasətinin risklər yaratdığını dilə gətirib.

Povel: Yeni ticarət qaydaları risklər yaradır

Amerika Mərkəzi Bankı (FED) iqtisadiyyatda qeyri-müəyyənliyin hökümət tərəfindən həyata keçirilən yeni ticarət siyasəti fonunda artdığını bildirir. Bu haqda çərşənbə günü baş tutan FED-in mətbuat konfransında çıxışı zamanı sədr Jerom Povel bildirib. Bu, iqtisadi göstəricilərdə özünü göstərmir və iqtisadi vəziyyət yaxşıdır. Lakin yeni ticarət siyasəti risklər yaradır. Hökümətin yeni vergi güzəştləri alqışlanılır və müsbət təsirlərinə ümid edilir. Mətbuat konfransından əvvəl FED uçot faiz dərəcələrinin yuxarı və aşağı sərhədini müvafiq olaraq 0.25% artıraraq, yuxarı sərhədini 2.00% müəyyən edib. 


Mətbuat konfransında sədrin çıxışı aşağıdakı başlıqlarla əlaqəli olub. İnflyasiyada sonuncu göstəricilər sürətlə artsa da, ehtiyatlı olmaq lazımdır. Mart ayından sonra inflyasiya gözləntilərimiz dəyişməyib, daha da qalxmasını gözləyirik. Əmək bazarında isə vəziyyət daha yaxşıdır, işsizlik aşağıdır. Baxmayaraq ki, əmək haqlarında artım məyus edib. Burada mərhələli şəkildə artım müşahidə edilsə də, daha güclü dinamika gözlənilirdi. Qiymətli kağızlar bazarlarında da risklər mövcuddur. 


Eyni zamanda, mətbuat konfransları ilə bağlı da yeni qaydalar tətbiq ediləcək. Belə ki, gələn ildən etibarən hər bir qərardan sonra mətbuat konfransı təşkil ediləcək. Bugünə kimi bu il ərzində dörd dəfə baş verirdi, qalan dörd qərardan sonra isə yazılı açıqlamalar olurdu. Povel onu da əlavə etdi ki, bu, monetar siyasətin dəyişməsi demək deyil. 


Dünya valyuta birjalarında faiz dərəcəsinin yuxarı sərhədinin artırılması açıqlamasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti qismən bahalaşsa da, yenidən cari həftənin minimum səviyyəsinə qayıdıb. FED sədrinin yeni risklər haqqında danışması, ilin sonuna kimi əlavə faiz artımı gözləntilərinin zəifləməsinə səbəb olur. 


Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp bəzi ölkələrdən idxal olunan dəmir və alüminiuma yeni rüsumlar tətbiq edib. İyun ayından etibarən yeni qaydalar Avropa Birliyinə də aiddir. Bununla yanaşı, həftə sonu ABŞ prezidenti G7 ölklərinin yekun bəyanatını da imzalamayıb. Povel isə yeni ticarət münasibətləri haqqında çox danışmaq istəməyib, səlahiyyətindən kənar məsələ olduğunu dilə gətirirb.