Pul siyasətində yeni sima: Riçard Klarida

29 Avqust 2018

Donald Trampın FED sədrinin müavin vəzifəsinə namizədi senat tərəfindən təsdiq edilib, Amerika sessiyasında dollara böyük təsiri gözlənilir.

Pul siyasətində yeni sima: Riçard Klarida

Amerika Mərkəzi Bankında (FED) kadr dəyişikliyi davam edir. Senatorlar ABŞ prezidenti tərəfindən namizəd kimi göstərilən Riçard Klaridanın sədr müavini səlahiyyətlərini təsdiq edib. Beləliklə, tanınmış iqtisadçı özü ilə aydın təsəvvürlər də gətirmiş olub. 


Nyu York Kolumbia Universitetinin professoru FED-də gələcək rəhbərinin monetar siyasəti ilə razı ola bilən üzv kimi qiymətləndirilir, çünki vaxti ilə o, Jerom Povelin seçilməsini "ağıllı seçim" kimi qələmə vermişdi. Bununla yanaşı, Donald Tramp tərəfindən aprel ayında namizəd kimi göstərilən 61 yaşlı Klarida siyasətə yaxın insan kimi də tanınır. 


Klarida özünü "qlobal pul siyasətinin mütəxəssisi" kimi adlandırır və keçmişdə dəfələrlə maliyyə bazarlarında mənfi təsir etmədən FED-in yumşaq monetar siyasətdən uzaqlaşması üsulunu da açıqlamışdı. Jerom Povel isə sələfi Janet Yelenin əsasını qoyduğu sərt monetar siyasətini davam etdirir. Maliyyə bazarlarında isə sentyabr ayında növbəti faiz artımı gözlənilir. 


Qeyd etmək lazımdır ki, FED-in sərt monetar siyasətinin prezident tərəfindən tənqid edilməsi son iki həftədir dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ortalama 3%-ə kimi ucuzlaşmasına səbəb olmuşdur. Bugünkü xəbər isə dolların dünya birjalarında yenidən bahalaşmasına təsir edə bilər. Bu təsir özünü bu gün Amerika sessiyasında daha kəskin göstərə bilər. Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ÜDM ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.