Qızılda ucuzlaşmanın səbəbləri

21 Fevral 2019

Əlvan metallar bazarlarında qızılın qiymətlərində müşahidə edilən ucuzlaşma dərinləşdikcə, səbəbləri maraqlı olmağa başlayır.

Qızılda ucuzlaşmanın səbəbləri

Əlvan metallar bazarlarında qızılın qiymətlərində çərşənbə günündən etibarən başlayan ucuzlaşma dalğası treyderlərin diqqətini cəlb etməyə başlayıb. Daha maraqlısı isə ucuzlaşmanın daha dərin ola biləcəyi ehtimallarının da kifayət qədər iddialı olmasıdır. 


Maliyyə bazarlarında cari ucuzlaşma, texniki səbəblərlə, yəni alış əməliyyatlarının bağlanması ilə əlaqələndirilir. Qızılın bir unsiya üzrə qiymətinin 2018-ci ilin avqust ayından etibarən bugünə kimi 16% dəyər qazanaraq, son beş ilin maksimum səviyyələrinə kimi yaxınlaşması, güclü müqavimətlə rastlaşa biləcəyinə işarədir. Bu isə "Buğalar"-ı ehtiyatlı davranmağa vadar edir. 


Bununla yanaşı, qızılın bahalaşmasının əsasında dayanan fundamental səbəblərin də artıq önəmli səviyyələrinə çatması diqqət mərkəzində saxlanılmalıdır. Dünyada siyasi və iqtisadi risklərin həllini tapmasının önəmliliyinin artdığı aylara yaxınlaşırıq. Breksit və ABŞ ilə Çin arasında siyasi və ticari böhranların mart ayına kimi həll edilməsi planlaşdırılır. Mart ayına yaxınlaşdıqca isə qızılın qiymətindəki dalğalanmanın hansı dinamikada inkişaf edəcəyi fonunda qeyri-müəyyənlik də artmaqdadır. 


Bununla yanaşı, Avrozona iqtisadiyyatında da yaxşılaşma meyilləri müşahidə edilir ki, bu da "güvənli liman" maliyyə aləti kimi qızıla olan tələbin 3% azalmasına səbəb ola bilər. 


Qısa müddətli perspektivli təhlillərə əsasən, qızılın qiyməti 1347$-ın altında qaldıqca, 1329 və 1321$-a kimi də ucuzlaşa bilər.