Qızılda volatilliyə təsir edən səbəblər

06 Noyabr 2019

Beynəlxalq maliyyə bazarlarında qızıla tələb azalıb? Səhm bazarı ilə qızıl arasında nə kimi bağlılıq var?

Qızılda volatilliyə təsir edən səbəblər

Qızılda qiymətlər ABŞ-da səhm bazarı və indekslərdə qiymətlərin rekord səviyyələrə yüksəlməsi və investorların diqqətlərini Vaşinqtonun gömrük tariflərinə dair geri addım atması ehtimalı fonunda ABŞ və Çin arasındakı ticarət danışıqlarının ilk fazasında müqavilə imzalanması ilə yekunlaşacağına dair gözləntilər üzərində cəmləməsindən sonra ardıcıl ikinci gündə ucuzlaşdı.

Təhlükəsiz liman hesab edilən qızıla tələb, “Financial Times”-da yer alan xəbərlərə əsaslansaq, ABŞ rəsmilərinin 112 milyard dollarlıq Çin məhsullarına tətbiq edilən gömrük tariflərinin ləğv edilməsi məsələsinin müzakirə edildiyini mətbuata sızdırmasından sonra azaldı. Bazar ertəsi günü Milli Təhlükəsizlik Müşaviri Robert O`Brayn Çin ilə razılaşmaya nisbətən yaxın olduqlarını söylədi.

Çin Prezidenti Si Tszinpin Çinin iqtisadi açıqlığa və qlobal ticarət qaydalarına sadiqliyini bir daha təkrarladı. Çərşənbə axşamı Şanxay Ticarət Sərgisində açılış nitqində Si - "Çin idxala daha çox diqqət yetirəcək. Tarifləri və koorporativ əməliyyat xərclərini azaltmağa davam edəcəyik" - deyib. 

ABŞ və Çin arasındakı uzun müddətdir davam edən, qlobal investisiya etimadının azalmasına səbəb olan ticarət müharibəsində həll yolu üçün fikir ayrılıqları azalır və razılaşmanın birinci mərhələsində imzalanacaq sənəd yekun razılaşmanın imzalanması üçün ilk addım kimi dəyərləndirilə bilər.

Bu vəziyyət qızılda olan tələbi azaltsa da qiymətlər dünyanın aparıcı iqtisadiyyatlarında zəif istehsal gücü və iqtisadi inkişafdakı aşağı nəticələr fonunda 1480 uns/dollar güclü dəstəyində sabitləşərək mövcud kanal daxilində üfüqi dalğalanmanı davam etdirə bilər.

Ticarət müharibəsi, potensial resessiya və Brexit kimi bir çox geosiyasi problem bu il “Wall Street”-də qayğıları artırdı. Ancaq bütün bunlara baxmayaraq səhm bazarı üst-üstə rekordlar qırmağa davam edir.

Bazar ertəsi günü tarixi zirvələrə çatmış “S&P500” və “NASDAQ”-la yanaşı “DOW JONES”-dakı artımları da əlavə etsək, son aylarda tez-tez “Wall Street”-də təkrarlanan "tarixin ən nifrət olunan öküz trendi" fikri ilin ən pis bazar sərlövhəsi ola bilər.

İndi eyni vəziyyəti qızıla tətbiq edək - nə də olsa, eyni şey sarı metalda baş verir.

Səhm bazarında artımlar yaşandığı zaman əsasən qızılın ucuzlaşması gözlənilir. Birincisi risk alətidir, digəri isə qorunma.

Hər iki tərəfi analiz etsək, bir şeyə əmin ola bilərik ki, həm səhm bazarı, həm də qızıl bu qəribəliyi aradan qaldıracaq. Ya da birja iştirakçıları tərəfindən tənzimlənəcək.

Lakin hazırda səhmlər özünü irrasional apara bilirsə, qızıl da onlar kimi davrana bilər.

“FED” ard-arda gerçəkləşdirdiyi 3 faiz endirimindən sonra bu il növbəti faiz endiriminə getməyəcəyinə dair siqnallar verdiyi bir zamanda iqtisadi zəifləmə istiqamətində açıq və mövcud bir təhlükə yaranarsa, növbəti ildə də mərkəzi bankı yumşaq monetar siyasəti davam etdirməyə məcbur edə bilər. Hazırda “FED”-in faiz dərəcələrini sabit saxlaması investorların qızıldakı pozissiyalarını bağlamasının əsas səbəbi kimi göstərilə bilər.

Hazırda inadkar inflyasiya narahatçılığı səbəbilə “FED”-in yumşaq monetar siyasət xəttini davam etdirməsi qiymətli metal bazarında 2020-ci ildə də opsiyalara meylliliyi qoruya bilər.

Belə bir ssenaridə qızıl iqtisadi inkişafın pisləşəcəyi halda risklərdən qorunmaq üçün təsirli bir vasitə olmağa davam edə bilər. 

Səhmlərin və qızılın bahalaşmasındakı əlaqə 

Qızılın və səhmlərin nə kimi bağlılığının olduğunu araşdırsaq,  göstəricilərdəki və bir o qədər də yaxşı hesab edilməyən gəlirlilik hesabatlarına qarşı qızıla bir müdafiə vasitəsi kimi  ehtiyac olduğunu qeyd edə bilərik.

Səhm bazarında ciddi artımların yaşanmasına baxmayaraq qızılın da artım yönlü momentumu investorların geopolitik risklərin tam olaraq çözüldüyünə inanmadıqlarını deməyə imkan verir.

Qızılındakı artımlar investorların riskli maliyyə alətlərində pozissiyalar açmasına baxmayaraq, yaşanacaq neqativlik fonunda səhmlərdəki mövqelərini qapadaraq yenidən qızıldakı mövcud mövqelərini qüvvətləndirmək planlarından xəbər verir. Analitiklər “qızıl buğaları”nın 2019-cu ildə hələ ki, bir addım öndə olduqlarına inanırlar. 

Fikirlərimizi ümumiləşdirsək, deyə bilərik ki,  ABŞ və Çinin ticarət razılaşmasına yaxınlaşdıqlarına dair ehtimalların artığı üçün “Dow Jones” iyul ayından bu yana ilk dəfə tarixi maksimumlarını gördü. “Standard & Poor's500” (S&P 500) və “Nasdaq” indeksləri də rekord qiymətlərinə çatdı.

FED rəsmiləri ABŞ prezidenti Donald Tramp olmasa da, monetar siyasətdəki mövcud vəiyyətdən məmnun görünürlər. Verdikləri açıqlamalarda bu il ardıcıl üç faiz endirimindən sonra uçot dərəcələrinin il sonuna qədər sabit saxlanılacağı siqnallarını verdi. Nəticədə ardıcıl iki günlük ucuzlaşma fonunda qızıl dünən 1480 hədlərini test etdi.

Kristin Laqard Avropa Mərkəzi Bankının sədri kimi ilk mətbuat konfransında monetar siyasət planlarından danışmaq əvəzinə, “güc, həll və cəsarət” vurğusuyla diqqət çəkdi. Avrozonada istehsal sektorunda satınalma müdirləri indeksi (PMİ) oktyabr ayında zəif artımla açıqlansa da son yeddi ilin ən aşağı hədlərində qaldı.

Həmçinin İngiltərənin baş naziri Baris Conson və əsas rəqibi olan “Labour Party”-nin sədri Ceremi Korbin dekabr ayında keçirilməsi nəzərdə tutulmuş parlament seçkiləri üçün seçki kompaniyaları çərçivəsində mübarizə aparırlar. Bu amillər isə treyderləri qızıldakı mövqelərini saxlamalarına səbəb olur. Nəticə etibarı ilə qızıla tələb hələ də aktuallığını qoruyur demək olar.

Qeyd etmək lazımdır ki, qızıl dəstəkli birjadakı ticarət fondlarında (ETF) qızıl aktivləri keçən həftə qeydə alınan artımdan sonra 2013-cü ildən bəri ən yüksək səviyyədədir. Sentyabrdakı bir həftəlik eniş istisna olmaqla, qızıl aktivləri avqust ayından bəri hər gün artım trendini qorumuşdur.