Qlobal risklər və dolların bahalaşması

24 İyul 2019

Dünya birjalarında qlobal siyasi və iqtisadi risklərin daha da artması dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmasına səbəb olmaqdadır.

Qlobal risklər və dolların bahalaşması

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. Buna səbəb dünyada siyasi və iqtisadi risklərin daha da artmasıdır. 

ABŞ ilə Çin arasında ticarət böhranının davam etməsi, Breksit və körfəz regionunda geopolitik münaqişələrin artması, qlobal iqtisadiyyat fonunda qeyri-müəyyənliklərin artmasına səbəb olmaqla yanaşı, valyuta birjalarında dollara olan tələbi də artırır. 

Bu gün Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan sənaye və xidmət sektorlarında biznes aktivliyini ölçən indeks, saat 18:00-da Amerikanın ilkin mənzil bazarında satış dövriyyəsi və saat 18:30-da Amerikanın neft ehtiyatı ilə bağlı önəmli fundamental məlumatların da açıqlanması gözlənilir. 

Dünya enerji birjalarında Avropanın Brent nefti isə yenidən 64$-a kimi dəyər qazanıb. Neft və benzin ehtiyatlarında azalma ehtimalları isə bir barel üzrə qiymətin 66$-a kimi də bahalaşmasına səbəb ola bilər.