TCMB-dən faiz artımı

24 May 2018

Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasının inflyasiya gözləntilərinə mənfi təsir etməsi səbəbilə pul siyasətinin sərtləşdirməsinə davam etməkdədir.

TCMB-dən faiz artımı

Türkiyə Mərkəzi Bankı (tr.: "TCMB")  "GLP" (gec likvidlik pəncərəsi) faizini 13.50%-dən 16.50%-ə yüksəldib. Uçot faiz dərəcəsi isə 8.00%, faiz dərəcəsinin aşağı və yuxarı sərhədləri müvafiq olaraq, 7.25 və 9.25% səviyyələrində saxlanılıb.


"TCMB" faiz qərarını aşağıdakı fikirlərlə əsaslandırıb: 


Son vaxtlar maliyyə bazarlarında müşahidə edilən dayanıqsız qiymət volatilliyi və inflyasiya gözləntilərinin artması risklərin artmasına səbəb olur. Bu səbəbdən qurum qiymət dayanıqlığının təmin olunması üçün siyasətinin sərtləşdirilməsinə qərar vermişdir. 


Mərkəzi bank qiymət dayanıqlığının təmin olunması üçün bütün imkanlarından istifadə edəcəkdir. İnflyasiyada stabillik müşahidə olunana qədər sərt monetar siyasət davam etdiriləcək. 


Qərarın yayımlanmasından sonra USD/TRY məzənnəsi 4.54TL-ə kimi 8% ucuzlaşıb.