"TCMB"-nın faiz qərarından sonra lirə 2% ucuzlaşdı

14 Dekabr 2017

Türkiyə Mərkəzi Bankının "GLP" faizini 12.75%-ə kimi artırması, USD/TRY məzənnəsinin 3.89TL-ə kimi bahalaşmasına səbəb olub.

"TCMB"-nın faiz qərarından sonra lirə 2% ucuzlaşdı

Türkiyə Mərkəzi Bankı (tr.: "TCMB") gözlənildiyi kimi "GLP" (gec likvidlik pəncərəsi) faizini 12.25%-dən 12.75%-ə kimi yüksəldib. Lakin mütəxəssislər 13.25%-ə kimi artım gözləyirdilər. 

Bununla yanaşı, uçot faiz dərəcəsi 8.00%, faiz dərəcəsinin aşağı və yuxarı sərhədləri isə müvafiq olaraq, 7.25 və 9.25% səviyyələrində saxlanılıb. 

Məlumatların açıqlanmasından sonra USD/TRY məzənnəsi 3.89TL-ə kimi 2% bahalaşıb. 

Bank açıqlamasında bildirir ki, 2017-ci ildə ümumilikdə ölkə iqtisadiyyatında tələb güclü olaraq qalır. Belə ki, kreditlərdə sürətli bir artım müşahidə edilir və son dövrlər açıqlanan statistik göstəricilər iqtisadi aktivliyin öz gücünü qoruyub saxladığına işarə edir.

Daxili tələbin artması ilə bərabər, xarici bazarlarda da tələbin artması ölkənin ixracına müsbət təsir edir. Lakin inflyasiyanın yüksəlməsi və digər risklərin artması, mərkəzi bankı pul siyasətini sərtləşdirilməsinə məcbur edib. 

Qeyd etmək lazımdır ki, "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur.