TCMB sədri vəzifədən uzaqlaşdırıldı

08 İyul 2019

Türkiyə prezidentinin TCMB-dən dəfələrlə faiz endiriminə gedilməsini tələb etdiyi halda bunu etməməsi onun vəzifəsindən uzaqlaşdırılması ilə nəticələnib.

TCMB sədri vəzifədən uzaqlaşdırıldı

Türkiyə prezidenti R.T. Ərdoğan bu həftə sonu Türkiyə Mərkəzi Bankının (TCMB) sədri  Murad Çətinqayanı vəzifəsindən uzaqlaşdırdı. KİV-də yer alan xəbərlərə görə, buna səbəb kimi hökümətin TCMB-dən dəfələrlə faiz endiriminə gedilməsini tələb etdiyi halda bunu etməməsi qeyd edilir.


Murad Çətinqayanın yerinə 2016-cı ilin iyun ayından TCMB-də sədr müavini olan Murad Uysal təyin edildi. Bu təyinatdan sonra Asiya sessiyasındaki ilk əməliyyatlardan etibarən USDTYR cütlüyü 5.6345 hədlərindən 5.8245  səviyyələrinə qədər bahalaşdı.


İqtisadçılar və bankirlər, Uysalın Pul Siyasəti Komitəsində (PPK) siyasətin yumşaldılmasının tərəfdar üzvlərindən biri olduğunu və  Çetinkaya ilə müqayisədə Ərdoğanın aşağı faizlə əlaqədar fikirlərinə daha yaxın olduğunu ifadə etdi.


Hürriyət qəzetində həftə sonunda yer alan xəbərə görə, Ərdoğan Marmara bölgəsi millət vəkilləri ilə toplantısında TCMB sədrinin vəzifəsindən uzaqlaşdırılması məsələsini ələ alaraq “Biz ona iclaslarda dəfələrlə faiz endiriminə getməsinin vacib olduğunu dedik. Faiz azalarsa, inflyasiya düşər dedik. O isə lazım olanı etmədi” dedi.


G20 zirvəsindən sonra gələn açıqlamaların ABŞ ilə münasibətlərin düzələcəyi gözləntilərini yaratmış və bu səbəbilə də lirədəki satış meylləri səngimişdi. Türk lirəsinin bahalaşması, eləcə də qlobal faizlərdə azalma meylləri ilə yanaşı Türkiyədə illik inflyasiya faizləri azalmışdı. Bu amillərin təsiri ilə TCMB-nin də bu aydan etibarən faiz endirimlərinə başlayacağı proqnozlaşdırılır. 


Inflyasiyanın azalmasına baxmayaraq, Türkiyənin Rusiyadan aldığı S-400 raketləri səbəbi ilə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi gözləntiləri, Ərdoğanın TCMB sədrinin vəzifəsindən kənarlaşdırmasından qaynaqlanan investorların narahatlıqları lirədə yenidən təzyiqlər yarada bilər. Bu isə faiz endiriminə gedilməsini çətinləşdirə bilər.


Ərdoğanın faiz dərəcələrini aşağı salma tələblərinin artdığı bir mühitdə Uysalın TCMB-nin növbəti PPK iclasına hazırlaşmaq üçün üç həftəsi var. Növbəti PPK konfransının qərarları 25 iyul tarixində elan ediləcək.


2018-ci ilin avqustunda USDTRY məzənnəsinin  7.24 ilə tarixi maksimumlara yüksəlməsinə ABŞ ilə münasibətlərlə yanaşı, hökümətin aşağı faiz tələbi və TCMB-nin müstəqilliyinə yönəlmiş şübhələr də ciddi təsir etmişdir.