Tramp AB ilə əlaqələr haqqında danışacaq

02 Avqust 2019

ABŞ prezidenti Donald Tramp Avropa birliyi ilə ticarət əlaqələrinə münasibət bildirmək istəyir.

Tramp AB ilə əlaqələr haqqında danışacaq

Ağ ev prezidentin cümə günü Bakı vaxtı ilə saat 21:45-də açıqlama edəcəyini bildirib. Aqresiv ticarət siyasəti ilə tanınan Trampın hansı bəyanatı verəcəyi məlum deyil. Cümə axşamı isə o, tvitter hesabı vasitəsilə Çindən idxal olunan 300 milyard dollar dəyərində məhsullara qarşı yeni gömrük rüsumlarının tətbiqinə dair açıqlama verib. 

AB ilə də ticarət böhranına səbəb olan müxtəlif mövzular mövcuddur. Tramp höküməti Avropanı da idxal olunan avtomobillərlə bağlı gömrük rüsumları ilə təhdid etsə də noyabr ayına kimi davam edən müzakirələr fonunda dondurub. 

İyul ayında isə ABŞ Fransanın Amerikanın internet şirkətlərinə qarşı rəqəmsal vergilərin tətbiqi ilə əlaqədar olaraq cəza tədbirləri ilə təhdid edib. Bununla yanaşı, ABŞ ilə AB arasında illərdir "Boing" ilə rəqabətdə olan "Airbus" şirkətinə edilən subvensiyalar ilə bağlı davam edən mübahisələr fonunda münasibətlər pozulub. 

AB ilə Birləşmiş Ştatlar arasında ticarət dövriyyəsi 2018-ci ilin məlumatlarına əsasən 1.3 trilyon dollardır. Beləliklə, ABŞ üçün AB ölkələri önəmli ixrac bazarıdır. ABŞ isə AB üçün ikinci ən böyük ixrac bazarıdır.