Tramp və Kim Çen İn arasında tarixi görüş və bazarlar

12 İyun 2018

ABŞ və Şimali Koreya prezidentləri arasında tarixi görüş dünya valyuta birjalarında dollar və səhm indekslərinin bahalaşmasına təsir edib.

Tramp və Kim Çen İn arasında tarixi görüş və bazarlar

Amerika prezidentinin Şimali Koreya lideri ilə görüşməsindən sonra dünya maliyyə bazarlarında aktivliyi artıb. Belə ki, valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən, xüsusilə də Yaponiya yeninə qarşı qiymətləri bahalaşmağa başlayıb. Eyni zamanda, səhm bazarlarında da dalğalanma güclənib. Amerikanın S&P və Dou Cons indeksləri ilə yanaşı, Almaniyanın DAX və İngiltərənin FTSE indekslərində də bahalaşma müşahidə edilib. 


Sinqapurun Sentosa adasında yerləşən “Kapella” mehmanxanasında ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen İn arasında tarixi görüş əvvəlcədən elan edildiyi kimi - 45 dəqiqə davam edib. Liderlər Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və sülhün təmin edilməsi, ABŞ-Şimali Koreya əlaqələrinin normallaşdırılmasını müzakirə ediblər. Son nəticədə isə iki dövlət arasında birgə sənədlər imzalanıb. İmzalanan sənədlərin nə ilə bağlı olduğu barədə məlumat verilməsə də, “Olduqca əhatəli bir sənəd imzaladıq”, deyə Tramp hadisəni şərh edib. Eyni zamanda, o, “Keçmişi keçmişdə buraxmağa qərar verdik. Dünya böyük bir dəyişikliyə şahidlik edəcək" sözlərinə də yer verib. 


Görüşün baş tutması ilə bağlı xəbərlər dünya mediasında yayılandan sonra USD/JPY məzənnəsi 110.49 yenə kimi 0.5% bahalaşıb. EUR/USD məzənnəsi 1.18, GBP/USD məzənnəsi isə 1.34$-ın altında ticarət edilməkdədir. Səhm indekslərində S&P500 və Dou Cons (ing.: "Dow Jones") müvafiq olaraq 2786 və 2537 punkta kimi 0.3% bahalaşıb. DAX və FTSE indekslərində də 1%-ə kimi bahalaşma müşahidə edilməkdədir. 


Bununla yanaşı, bu gün Avrozonanın gələcək iqtisadi gözləntilərini ölçən "ZEW" indeksi, İngiltərənin məşğulluq bazarında dəyişiklik və Amerikanın inflyasiya səviyyəsi ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.