D.Trampın FED siyasətinə iradı dollara mənfi təsir göstərdi

20 İyul 2018

Dünənki Avropa ticarət sessiyasında dolların bahalaşmasına baxmayaraq, daha sonra ucuzlaşdığı müşahidə olundu.

D.Trampın FED siyasətinə iradı dollara mənfi təsir göstərdi
Əsasən GBP/USD cütlüyü üzrə sürətli eniş dalğası Britaniya iqtisadiyyatı üzrə makroiqtisadi göstəricilərin ard -arda mənfi çıxması və "Brexit"lə bağlı qeyri-müəyyənlik fonunda baş vermişdir. Günün sonuna yaxın Amerika prezidenti Donald Trampın FED siyasəti ilə bağlı açıqlaması dollara mənfi təsir göstərdi. Bunun əsas səbəbi kimi D.Trampın faiz artımı templərini dəstəkləməməsini söyləməsi oldu. D.Trampın sözlərinə görə, bu temp əldə olunmuş iqtisadi inkişafa mənfi təsir edir.
Bunun fonunda günün sonunda dollar əldə etdiyi mövqelərini tədricən itirməyə başladı ki, nəticədə EUR/USD  1.1574 minimumlarından  1.1678 səviyyələrinədək, GBP/USD 1.2956 minimumlarında 1.3049 səviyyələrinədək geri dönüş etdi. 
Bu xəbər qızıl qiymətlərinə də təsirsiz ötüşmədi. Qızıl 1211 qiymətindən 1230 hədlərinədək bahalaşdı. Bu təsirin nə dərəcədə davamlı olması bu günki ticarət sessiyasında bilinəcək. 
Gündəlik xəbər təqviminə nəzər saldıqda  əsas xəbərlər Kanada iqtisadiyyatı ilə bağlı olacaq. Bakı vaxtı ilə 16:30 da dərc olunacaq Pərakəndə Satış indeksi və İstehlak qiymətləri indeksi USD/CAD cütlüyündə ciddi hərəkətliliyə səbəb ola bilər. Xəbərlərə istinad etsək göstəricilərin müsbət dərc olunacağı gözlənilir. Bu da öz növbəsində CAD-ın məzənnəsində artım yarada bilər.