Türk lirəsi avqust ayı ərzində 24%-ə kimi ucuzlaşdı

10 Avqust 2018

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma davam etməkdədir. Lirə isə artıq gün ərzində 10% ucuzlaşıb.

Türk lirəsi avqust ayı ərzində 24%-ə kimi ucuzlaşdı

Türkiyə ilə ABŞ hökümətləri arasında siyasi gərginliyin artması, beynəlxalq valyuta birjalarında lirənin cümə günü 10%-ə kimi ucuzlaşmasına təsir edib.


Amerikalı keşiş Endryu Bransonun Türkiyədə həbsi və Vaşinqton rəhbərliyinin sanksiya qərarları son günlər Türkiyə və ABŞ arasında siyasi böhranın dərinləşməsinə səbəb olmaqdadır. Türkiyədən doqquz nəfərlik diplomatik heyət Vaşinqtona danışıqlar aparmaq üçün yollansalar da ciddi irəliləyiş əldə etmədən geri dönüblər.  Danışıqların uğursuz keçdiyini və razılıq əldə olunmadığını yazan, Amerikanın "Wall Street Journal" qəzeti, Tramp adminstrasiyasının Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı məlumatını da verib.


Bundan sonra cümə günü dünya birjalarında ticarət sessiyalarının açılışı ilə USD/TRY məzənnəsi 6.0790 lirəyə kimi sürətlə bahalaşmağa başladı. Beləliklə, artıq avqust ayı ərzində lirə 24%-ə kimi dəyər itirib. 


ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert isə "Türkiyə ilə geniş münasibətimiz var və onlarla bu məsələləri hər görüşümüzdə danışırıq. İki ölkə arasındakı problemlərin həlli üçün ABŞ-a gələn nümayəndə heyəti ilə geniş danışıqlar aparıldı. Keşiş Endryu Bransonun evə qayıtması tələbi birmənalı şəkildə edildi. Bu danışıqların bir qismini ictimaiyyətlə açıq şəkildə müzakirə etməyəcəyik. İrəliləyiş olaraq Bransonun geri qayıtmasını görürük", deyə görüşü şərh edib. 


Dünya valyuta birjalarında 6.0790TL-yə kimi bahalaşan Dollar/Lirə məzənnəsi yenidən 5.8606TL-yə kimi korreksiya etsə də, texniki təhlillərə əsasən, maksimum səviyyə yenidən yuxarı istiqamətdə qırılarsa, 6.5312 və 7.2065TL-yə kimi də bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:30-da Türkiyə höküməti tərəfindən yeni iqtisadi modelin açıqlanması da gözlənilir və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Dolmabağça sarayında təşkil olunacaq toplantı investorların diqqət mərkəzindədir. 


Qeyd etmək lazımdır ki, beynəlxalq valyuta birjalarında ümumilikdə dolların aparıcı valyutalara nisbətən qiymətlərinin hamısında bahalaşma müşahidə edilməkdədir. Amerika Mərkəzi Bankının sərt monetar siyasəti və digər ölkə və regionlarda siyasi və iqtisadi risklərin artması, həmin ölkələrin valyutalarına da mənfi təsir etməkdədir.