Türkiyə Bankının faiz qərarı açıqlandı

14 Sentyabr 2017

"TCMB": Türkiyədə inflyasiyanın yüksək olması, iqtisadiyyatda əsas risk amili kimi qiymətləndirilir.

Türkiyə Bankının faiz qərarı açıqlandı

Türkiyə Mərkəzi Bankı (tr.: "TCMB") sentybar ayı toplantısında mütəxəssislərin gözlədikləri kimi faiz dərəcələrində dəyişiklik etməyib. Belə ki, uçot faiz dərəcəsi 8.00%, faiz dərəcəsinin aşağı və yuxarı sərhədləri isə müvafiq olaraq, 7.25 və 9.25% səviyyələrində saxlanılıb. "GLP" (gec likvidlik pəncərəsi) faizi də 12.25% açıqlanıb. 

Bankın açıqlamasında bildirilir ki, ölkədə daxili tələbin artması gözlənilərkən, Avropa Birliyi ölkələri tərəfindən tələbin artması ixraca müsbət təsir edib. Bununla yanaşı, bank siyasətinin iqtisadi fəaliyyətin daha da güclənməsinə səbəb olacağı gözlənilir. Bankın siyasətindən əlavə olaraq infrastruktur islahatların da həyata keçirilməsi, iqtisadi potensialı artıran önəmli amillərdəndir. 

Son aylar maliyyə istiqamətində həyata keçirilən tədbirlərin və ərzaq qiymətlərində qismən azalmanın məhdud təsirinə baxmayaraq, yüksək inflyasiya riskli hesab edilir: "Bu çərçivədə qurumun sərt monetar siyasətinə davam etməsi qərara alınmışdır".

"TCMB" qiymət dayanıqlığının təmin olunması istiqamətində əlindəki bütün alətlərdən istifadə edəcəyini bir daha vurğulayıb. Qeyd etmək lazımdır ki, bundan öncə "GLP" faiz səviyyəsi 11.75%-dən 12.25%-ə kimi artırılmışdı. 25.11.2016-ci il "GLP" borc alma faizi 0.0%, borc vermə faizi isə 10.0% idi. 

Məlumatların açıqlanmasından sonra Türk lirəsi 3.4459TL-ə kimi bahalaşıb.