Türkiyə: İnflyasiya son 14 ilin maksimumunda

03 Avqust 2018

Dünya valyuta birjalarında aprel ayından etibarən lirənin sürətlə ucuzlaşması, ölkədə inflyasiyanın da 15.9%-ə kimi artmasına səbəb olmuşdur.

Türkiyə: İnflyasiya son 14 ilin maksimumunda

Türkiyənin statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlarda, istehlak qiymətləri indeksinin iyul ayında iyun ayı ilə müqayisədə 0.6% artdığı göstərilib. İyun ayında bu artım 2.6% idi. Beləliklə, aylıq artım dinamikasında zəifləmə müşahidə edilir. Lakin illik artım dinamikası 15.9%-ə çatıb. Bu isə son on dörd ilin maksimum səviyyəsi hesab edilir. 


Bununla yanaşı, istehsal qiymətləri indeksi də son on dörd ilin maksimum səviyyəsinə yüksəlməklə, 25.0%-ə çatıb. Bu göstərici iyun ayında 23.7% idi. 


Türkiyədə inflyasiya 2011-ci ilin fevral ayından etibarən 2017-ci ilin noyabr ayına kimi 4.0%-dən 13.0%-ə kimi yüksəldikdən sonra 2017-ci ilin dekabr ayından etibarən yenidən azalmağa başlamışdır. 2018-ci ilin mart ayında 10.2%-ə çatan inflyasiya aprel ayında yenidən artmağa başlamışdır. Buna səbəb isə dünya birjalarında lirənin sürətlə ucuzlaşmağa başlamasıdır. Lirənin ucuzlaşması idxal məhsullarını ölkəyə baha daxil olması ilə yanaşı, istehsal xərclərini artırmaqla bərabər, xammal tutumlu ciddi ixrac məhsullarını da xarici bazarda bahalı edir. 


Valyuta birjalarında USD/TRY məzənnəsi məlumatların açıqlanmasından sonra 5.12TL-yə kimi bahalaşmışdır.