Türkiyə: Ticarət defisiti 5.5 milyard dollara düşdü

31 İyul 2018

Türkiyənin xarici ticarət dövriyyəsində mənfi balans ilin əvvəlindən etibarən yenidən artırsa da, iyun ayında yenidən azalmağa başlayıb.

Türkiyə: Ticarət defisiti 5.5 milyard dollara düşdü

Türkiyənin statistika mərkəzinin (TÜRKSTAT) çərşənbə axşamı açıqladığı məlumatlara görə, ölkədə ticarət balansı defisiti iyun ayında 7.8 milyard dollardan 5.5 milyard dollara kimi azalıb. Bundan öncə xarici ticarətdə mənfi saldo mart ayından may ayında kimi ard-arda artmışdır. Ticarət saldosunda defisit idxal dəyərinin ixrac dəyərini üstələməsi nəticəsində yaranır. 


2018-ci ilin əvvəlindən defisit fevral ayına kimi 5.8 milyard dollara kimi azaldıqdan sonra yenidən artmağa başlamışdır. Aprel ayından sonra isə defisitdə artım böyük fərqlə müşahidə edilirdi. 


Qeyd etmək lazımdır ki, Türkiyə maliyyə bazarlarında lirənin dollara nisbətən məzənnəsi aprel ayından sonra sürətlə ucuzlaşmağa başlayıb. Lirənin ucuzlaşması, idxal məhsullarının, xüsusilə ixrac məhsullarının istehsalı üçün idxal olunan xammalın bahalaşmasına səbəb olur. Bu, ölkədə istehsal qiymətlərinin və inflyasiyanın da sürətlə artmasına səbəb olur. 


Beləliklə, ölkə xərclərinin azaldılması üçün ixrac daha da stimullaşdırılmalı, sənaye və xidmət sektorunda aktivlik artırılmalıdır, idxalın həcminə nəzarət gücləndirilə bilər. Əks təqdirdə, lirənin qiymətinə qarşı təzyiqlər yenidən arta bilər. Hal-hazırda USD/TRY məzənnəsi 4.91TL-yə ticarət edilir.