Türkiyədə inflyasiya 24.5%-ə çatdı

03 Oktyabr 2018

Dünya valyuta birjalarında aprel ayından etibarən lirənin sürətlə ucuzlaşması, ölkədə inflyasiyanın da 24.5%-ə kimi artmasına səbəb olmuşdur.

Türkiyədə inflyasiya 24.5%-ə çatdı

Türkiyənin statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlarda, istehlak qiymətləri indeksinin sentyabr ayında avqust ayı ilə müqayisədə 6.3% artdığı göstərilib. Bu, rekord səviyyə hesab edilir. Cari il ərzində maksimum səviyyə 2.6% olmuşdu. İllik artım dinamikası isə 24.5%-ə çatıb. 2003-cü ilin sentyabr ayında illik inflyasiya 23.0% idi. Beləliklə, illik artım dinamikası da son 15 ilin maksimumuna yüksəlib. 


Bununla yanaşı, istehsal qiymətləri indeksi də son on altı ilin maksimum səviyyəsinə yüksəlməklə, 46.2%-ə çatıb. Bu göstərici avqust ayında 32.1% idi. 


Türkiyədə inflyasiya 2011-ci ilin fevral ayından etibarən 2017-ci ilin noyabr ayına kimi 4.0%-dən 13.0%-ə kimi yüksəldikdən sonra 2017-ci ilin dekabr ayından etibarən yenidən azalmağa başlamışdır. 2018-ci ilin mart ayında 10.2%-ə çatan inflyasiya aprel ayında yenidən artmağa başlamışdır. Buna səbəb isə dünya birjalarında lirənin sürətlə ucuzlaşmağa başlamasıdır. Lirənin ucuzlaşması idxal məhsullarını ölkəyə baha daxil olması ilə yanaşı, istehsal xərclərini artırır və beləliklə, xammal tutumlu ciddi ixrac məhsullarını da xarici bazarda bahalı edir. 


Məlumatların açıqlanmasından sonra son günlər 6.00TL-nin altında ticarət edilən USD/TRY məzənnəsi 6.09TL-yə kimi bahalaşıb.