Türkiyədə işsizlik 10.6% açıqlandı

15 Dekabr 2017

Ölkədə inflyasiyanın yüksək olması, əmək bazarında da vəziyyəti çətinləşdirir.

Türkiyədə işsizlik 10.6% açıqlandı

Türkiyənin statistika mərkəzinin (TurkStat) cümə verdiyi rəsmi məlumatlara əsasən, Türkiyədə işsizlik sentyabr ayında 10.6% səviyyəsində qərarlaşıb. 

Türkiyədə işsizlik səviyyəsi cari ilin fevral ayından azalmağa başlayaraq, təqribən son bir ilin minimum səviyyəsinə (10.2%) çatdıqdan sonra iyul ayında 10.7%-ə kimi artsa da, yenidən avqust ayından 10.6%-ə düşüb. 

Qeyd etmək lazımdır ki, cümə axşamı Türkiyə Mərkəzi Bankının ("TCMB") "GLP" faizini gözləntidən zəif artırması lirənin ucuzlaşmasına səbəb olmuşdur. Bununla yanaşı, bank açıqlamasında 2017-ci ildə ümumilikdə ölkə iqtisadiyyatında tələbin güclü olaraq qaldığını bildirib. Belə ki, kreditlərdə sürətli artım müşahidə edilir və son dövrlər açıqlanan statistik göstəricilər iqtisadi aktivliyin öz gücünü qoruyub saxladığını göstərir. Daxili tələbin artması ilə bərabər, xarici bazarlarda da tələbin artması ölkənin ixracına müsbət təsir edir. Lakin inflyasiyanın yüksəlməsi və digər risklərin artması, mərkəzi bankı pul siyasətini sərtləşdirilməsinə məcbur edib. 

Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 3.87TL-nin üzərində ticarət edilir və artım dalğasının yenidən güclənməsi üçün 3.8968TL-nin yuxarı istiqamətdə qırılması gözlənilir.